"Azərbaycanın atacağı addım bəllidir. Rusiya-Azərbaycan münasibətlərini əvvəlki səviyyədə aparmaq mümkün olmayacaq. Çünki münasibətlərdə ciddi şəkildə soyuqluq var".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın MDB-nin növbəti iqtisadi şurasına öz nümayəndəsini göndərməməsi Rusiya üçün ciddi mesajdır. Müsahibimiz hesab edir ki, o baxımdan indiki halda Rusiya rəsmilərinin, XİN sözçüsü Mariya Zaxarovanın nəyisə bəyan etməsi heç nəyi dəyişməyəcək.
N.Miri qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər sistemidir:
“Azərbaycan özünü bu xüsusda tanıtmaq, təsbit etmək istəyir. Bu, olmadıqca azərbaycanlıların total şəkildə hüquqları Rusiyada yenə tapdanacaq. Birtərəfli qaydada Rusiya Azərbaycana təsir göstərmək istəyəcək. Rusiyada azərbaycanlıları niyə həbs edirlər, döyürlər? Ona görə ki, Rusiyanın geosiyasi maraqları bu gün ciddi şəkildə təhlükə altındadır. Ancaq Rusiya anlamır ki, bu geosiyasi maraqları Azərbaycana təzyiq edərək həll etmək mümkünsüzdür. İndiyədək olmayıbsa, bundan sonra heç olmayacaq".
Natiq Miri: Rusiya qorxur ki, əgər Azərbaycanla bərabərhüquqlu münasibətlər qurularsa...
Analitik bəyan edib ki, köhnə status-kvo artıq mövcud deyil, regionda yeni güclər, reallıqlar var:
"Azərbaycan qardaş Türkiyə ilə regionda sabitləşdirici güc rolunda çıxış edir. Rusiya uzun müddət Cənubi Qafqazda xalqlar arasında nifaq salmaqla bölgəyə nəzarət imkanları saxlamağa çalışıblar. Amma son dönəmdə baş verən hadisələr, ələlxüsus Əbu-Dabi görüşündən sonra bəlli oldu ki, Cənubi Qafqaz ölkələrinin strateji maraqlarında elə də ciddi fərqlər yoxdur”.
“Deməli, region ölkələri birlikdə təhlükəsizlik çətiri yaratmaqla yanaşı, iqtisadi-siyasi və hərbi birliklər də təsis edə bilərlər. Yeni arxitektura qurmaq mümkündür. Rusiya kimi ölkələri narahat edən də məhz budur. Rusiya qorxur ki, əgər Azərbaycanla bərabərhüquqlu münasibətlər qurularsa, bu digər postsovet ölkələri üçün də presedent yarada bilər", - deyə Natiq Miri qeyd edib.
Aydın Baxış