Rusiyada Ukraynada döyüşən hərbçilərlə maddi maraq naminə evlənməkdə ittiham olunan qadınlarla bağlı yeni məlumatlar gündəmə gəlib.
Bakıvaxtı.az “bfmt.com”a istinadən xəbər verir ki, Rusiya mediasında belə qadınlara “qara dul” adı verilir və onların əsas məqsədinin hərbçinin ölümündən sonra dövlət ödənişlərindən yararlanmaq olduğu iddia edilir.
2026-cı ilin iyununda Moskva məhkəməsi belə bir iş üzrə qadından 7 milyon rublun geri alınmasına qərar verib. Moskva Prokurorluğunun məlumatına görə, qadın 2025-ci ilin yanvarında hərbi əməliyyat zonasına yollanan Moskva sakini ilə evlənib. İstintaqa görə, hərbçi nikahın məqsədinin ailə qurmaq deyil, onun maaşı və ölümü halında veriləcək ödənişlərdən yararlanmaq olduğunu sonradan anlayıb. Əsgər boşanmaq üçün məhkəməyə müraciət etsə də, proses başa çatmamış döyüş tapşırığı zamanı həlak olub. Bundan sonra qadın 7 milyon rubl məbləğində müxtəlif ödənişlər alıb və məhkəmə həmin vəsaitin geri qaytarılmasına qərar verib.
Digər bir işdə isə Voronej vilayətində 63 yaşlı hərbçinin 2024-cü ilin oktyabrında, müqavilə imzaladığı gün bir qadınla evləndiyi müəyyənləşdirilib.
Prokurorluğun məlumatına əsasən, hərbçinin qohumları qadını əvvəllər tanımayıb və cütlük birlikdə yaşamayıb. Buna görə məhkəmə nikahı etibarsız sayıb.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, həlak olan hərbçinin həyat yoldaşı, valideynləri və uşaqları müəyyən şərtlərlə dövlət ödənişlərindən yararlana bilirlər. Rusiya qanunvericiliyində Ukraynada hərbi əməliyyat zamanı həlak olan hərbçinin ailəsinə 5 milyon rubl məbləğində birdəfəlik ödəniş nəzərdə tutulur və məbləğ hüququ olan ailə üzvləri arasında bölüşdürülür.
2026-cı ilin yanvarında Rusiya Ali Məhkəməsi də belə işlərdən birində formal nikahın avtomatik olaraq real ailə münasibətlərinin mövcudluğunu sübut etmədiyini vurğulayıb.
Son məhkəmə işləri isə müharibə iştirakçılarına və onların ailələrinə ödənilən milyonlarla rublun saxta və ya formal nikahlar vasitəsilə mənimsənilməsi riskinin Rusiyada artıq hüquqi problemə çevrildiyini göstərir.
Aydın
Bakı 



