Bizim üçün vacib oyundur. Çox bacarıqlı və intizamlı komandaya qarşı oynayacağıq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə “Molde”yə qarşı keçirəcəkləri oyunla bağlı mətbuat konfransında deyib.
Hər iki komandaya yaxşı nəticənin lazım olduğunu bildirən 51 yaşlı mütəxəssis bildirib: “Hava şəraiti bizim üçün gözlənilməz oldu. Meydan amilini də nəzərə almalıyıq. Futbolçularım sabah daha yaxşısını etməlidirlər. Oyunçularıma inanıram. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Hər iki komanda üçün şərtlər eynidir. Sadəcə, rəqib bu cür hava şəraitinə daha çox öyrəşib. Əvvəl də bu cür şərtlər altında oynamışıq. Həmin matçlarda qazanılan nəticələr bizim üçün əlavə stimul olar. Çalışırıq ki, futbolçularımız daha möhkəm olsunlar”.
Onun sözlərinə görə, sabah qazanılacaq mümkün heç-heçəni uğurlu nəticə saymaq olar. “Hətta minimal hesablı məğlubiyyət belə sonda bizi qrupdan çıxara bilər. Amma bunu oyundan sonra müzakirə etmək daha yaxşı olar. Sabah meydana qələbə üçün çıxacağıq. Bizə inanırlarsa, bunu doğrultmağa çalışacağıq”, - deyən Q. Qurbanov “Molde”yə qarşı öz oyunlarını göstərməyə çalışacaqlarını vurğulayıb. Sadəcə, rəqib buna nə dərəcədə imkan verəcək, bunu demək çətindir. Yaxşı nəticə əldə etmək istəyiriksə, öz oyunumuzu sərgiləməliyik. Amma rəqib də keyfiyyətli komandadır. Sabah meydanda maraqlı mübarizə olacaq.
Noyabrın 30-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.