Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.
"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.
Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.
Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.
Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.