q
  • Bakı 17° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Şahnaz Bədəlova: “Şəhərsalma ilə bağlı yeni hüquqi qaydalar hazırlanır”

CƏMİYYƏT

08 May 2026 | 16:18

Şahnaz Bədəlova: “Şəhərsalma ilə bağlı yeni hüquqi qaydalar hazırlanır”

Ekoloji problemlərin həlli şəhərlərdə mənfi iqlim dəyişikliyi risklərini azaltmaqla yanaşı, həyat keyfiyyətinin yüksəlməsinə də xidmət edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 fevral 2026-cı il tarixli 130/Ü nömrəli əmri ilə təsdiq edilmiş İş Planı çərçivəsində keçirilən “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə çıxışı zamanı bu fikirləri səsləndirib.

Ş.Bədəlova qeyd edib ki, urbanizasiya sürətlə artır və 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bəzi hesablamalara əsasən, həmin dövrdə ölkə əhalisinin 80 faizinin də şəhərlərdə məskunlaşacağı gözlənilir.

O bildirib ki, yaşıl binalar, yaşıl kəndlər və iqlimə davamlı tikililər istiqamətində dünyanın müxtəlif ölkələrində araşdırmalar aparılır və bir sıra dövlətlər artıq bu sahədə hüquqi qaydalar tətbiq etməyə başlayıb:

“Biz memarlardan xahiş edə bilmərik ki, binaları yaşıl etsinlər. Bunun yolu dövlət səviyyəsində hüquqi mexanizmlərin hazırlanması və tətbiq olunmasıdır”.

Sədr müavinin sözlərinə görə, bu sahədə araşdırmalar davam edir və Azərbaycanın iqlim şəraitinə uyğun həllərin hazırlanması üçün beynəlxalq təcrübə öyrənilir. O qeyd edib ki, son illərdə Bakı şəhərinin Baş Planı üzrə strateji ekoloji qiymətləndirmə aparılıb, Ekologiya Nazirliyi tərəfindən müvafiq qaydalar hazırlanaraq təsdiq edilib.

Komitə rəsmisinin sözlərinə görə, Gəncə şəhərinin Baş Planında da ilk dəfə UNESCO-nun təşkilatçılığı ilə strateji ekoloji qiymətləndirmə həyata keçirilib və bu addımlar gələcək ekoloji şəhərsalma siyasətinin əsasını təşkil edir.

Ş.Bədəlova “Sponge City” (“Süngər şəhər”) yanaşmasına da toxunaraq bildirib ki, bu model yağış sularının torpaq və yolkənarı örtüklər vasitəsilə sovrulmasını təmin etməklə əlavə risklərin qarşısını almağa xidmət edir. O əlavə edib ki, enerjiyə qənaət edən izolyasiya sistemləri, yaşıl dam və divarlar, həmçinin düzgün günəşlənmə və işıqlandırma prinsipləri müasir şəhərsalmanın vacib elementlərindəndir:

“Dövlət Ekspertiza İdarəsində də son dövrlər izolyasiya məsələlərinə xüsusi diqqət yetirilir və layihələr bu istiqamətdə ekspertizadan keçirilir”.

İctimai müzakirələr və strateji ekoloji qiymətləndirmələr şəhərlərin ekoloji təhlükəsizliyinin təmin olunması baxımından mühüm başlanğıcdır və gələcəkdə istehsalat ərazilərinin ayrıca ekoloji qiymətləndirilməsi də həyata keçiriləcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR