• Bakı 18° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Şahramanyanın əhəmiyyətsiz “qərarı”:  Bu, Azərbaycana əlavə tədbirlər görmək üçün şans verir

SİYASƏT

27 Dekabr 2023 | 11:56

Şahramanyanın əhəmiyyətsiz “qərarı”:  Bu, Azərbaycana əlavə tədbirlər görmək üçün şans verir

Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, keçmiş qondarma rejimin "qurumları"nın buraxılmasını nəzərdə tutan heç bir "hüquqi sənəd" yoxdur. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb.

Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi. Lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmayıb.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, separatçı rejimin başçısı Samvel Şahramanyan bu ilin sentyabrın 28-də qondarma respublikanın bütün "institutları”nın 2024-cü ilin yanvarın 1-dən ləğvi haqqında qərar vermişdi və bütün dünyaya bu, rəsmən duyurulmuşdu.

Professorun sözlərinə görə, indi Şahramanyanın "belə bir sərəncam olmayıb" deməsi gülüncdür və bunların nə dərəcədə saxtakar olmasının göstəricisidir: "Onsuz da separatçı qurumun leğitimliyi tanınmırdı. Onun üzdəniraq başçısının hansı "sənədi" imzalayıb-imzalamamasının hüquqi keçərliliyi yoxdur. Əgər bu gün deyirsə ki, bu qurum varlığını davam etdirir, xüsusən də Azərbaycan üçün hüquqi anlamda heç bir şey ifadə etmir. İndiyədək separatçı tör-töküntüləri fəal deyildilər və Qarabağdan gələn erməniləri siyasi proseslərin içində görmürdülər”.

Müsahibimiz bildirib ki, Ermənistanda bəziləri hesab edirlər ki, separatçıların fəaliyyəti Ermənistan üçün təhlükədir. Çünki Azərbaycan Ermənistanla sülh sazişi danışıqlarında bu ölkənin revanşist qüvvələrinin fəaliyyətini nəzərə alacaq: ""DQR"-ın Ermənistanda fəallaşması Azərbaycana əlavə tədbirlər görmək üçün şans verir".

Həmsöhbətimiz vurğulayıb ki, dövlətçiliyimizə yaranan təhdidləri yox etməyə haqqımız çatır: "Ermənistan qorxur ki, Azərbaycan antiterror tədbirlərini İrəvanın göbəyində apara bilər. Ona görə də erməni şərhçilər və siyasilərin böyük qismi, o cümlədən hakimiyyətin təmsilçiləri qondarma rejimin Ermənistanda fəaliyyətini məqbul saymırlar. Onun neytral bir Avropa ölkəsinə daşınmasını təklif edirlər. Bəzi kənar qüvvələr isə separatçı qurumun məhz Ermənistanda fəaliyyətinə dəstək verirlər. Bunlar daha çox Rusiyayönlü dairələrdir. Onlar Rusiyanın Ermənistana müdaxilə imkanlarının davam etməsini istəyirlər. Əlbəttə, Qərbin də özünəməxsus maraqları var. Azərbaycan üçün belə bir qurumun "yaşayıb-yaşaması" və harada yerləşməsinin əhəmiyyəti olmamalıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR