Şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçmə mərasimində iştirak edib.
“Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”, - şəhid xanımı qeyd edib.
“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”, - o əlavə edib.
V.Əliyeva qeyd edib ki, o, keçən ilin mayın 8-də kiçik leytenant rütbəsi alıb, indi isə yeni bir əmrlə leytenant rütbəsinə layiq görülüb: “Mən Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.
Övladlarımın yanımda olması mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycana xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hisdir”.
Qeyd edək ki, Vüsalə Əliyeva Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır.
Bakı 





