“Bu Konqresin ən vacib xüsusiyyətlərindən biri onun hər il may ayında keçirilməsi və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev deyib.
Kamran Musayev çıxışında qeyd edib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində ciddi addımlar 2001-ci ildən etibarən Mərkəzi Klinik Xəstəxanada atılmağa başlanılıb. İlk illərdə bu sahədə diaqnostik, invaziv və açıq ürək əməliyyatlarının mərhələli şəkildə tətbiq olunduğunu vurğulayan Musayev bildirib:
“Azərbaycanın son illərdəki sürətli inkişafı nəticəsində bu gün yalnız paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları icra olunur. Ən sevindirici məqam odur ki, artıq bölgələrdə də ürək-damar mərkəzləri fəaliyyətə başlayıb və həmin bölgələrdən olan həmkarlarımızı bu Konqresdə görməkdən qürur duyuram".
O, bu nailiyyətlərin Azərbaycan səhiyyəsinin, xüsusilə də ürək-damar sahəsinin son 25 ildə keçdiyi inkişaf yolunu aydın şəkildə ortaya qoyduğunu bildirib:
“Bu səbəbdən də, bu sahənin inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu Konqres artıq gözəl bir ənənəyə çevrilmişdir".
Kamran Musayev gənc nəsilin bu sahədə eyni əzm və qətiyyətlə irəliləyəcəyinə inandığını ifadə edib və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Biz ürək-damar həkimləri olaraq insanların sağlamlığı üçün çalışırıq. Amma bu gün artıq Azərbaycan xalqının yaralı ürəyi — Qarabağ Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə sağaldılıb. Biz bu Konqresdə suveren, müstəqil və qalib Azərbaycanın vətəndaşları kimi çıxış edirik".
O, Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqətin və Konqres iştirakçılarına ünvanladığı xoş sözlərin bütün ürək-damar mütəxəssisləri üçün böyük qiymət və stimul olduğunu bildirib:
“Bu, ürək-damar xəstəlikləri ilə mübarizə aparan bütün Azərbaycan həkimlərinə verilən yüksək dəyərin göstəricisidir. Burada iştirak edən hər kəs adından möhtərəm cənab Prezidentə dərin təşəkkürümü bildirirəm".
Mina Mikayılova