• Bakı 26° C

    10.47 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

DÜNYA

16 Avqust 2026 | 09:37

Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur

Məşhur müğənni Selena Qomez psixi sağlamlıq mövzusunda fəaliyyət göstərən Wondermind startapı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, investorlar Qomez, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsona qarşı məhkəməyə müraciət edərək onları investorları yanıltmaqda və təxminən 1,2 milyon dollar vəsait cəlb etməkdə ittiham ediblər.

Avqustun 13-də təqdim olunan iddiaya görə, investorlar Selena Qomezin Wondermind-in inkişafında fəal iştirak edəcəyinə və məşhurluğundan layihənin tanıdılması üçün istifadə edəcəyinə ümid ediblər. Məhkəmə sənədlərində Qomezin şirkətin fəaliyyətində iştirakını nəzərdə tutan razılaşma imzaladığı, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi iddia olunur.


İnvestorların iddiaları yalnız Qomezin şirkətdəki iştirakına aid deyil. Onların sözlərinə görə, startapın rəhbərliyi böyük tərəfdaşlıqların və yeni layihələrin həyata keçirildiyi barədə təsəvvür yaradıb. Lakin bəzi elan olunan layihələr heç vaxt reallaşdırılmayıb.

İddiaçılar həmçinin Wondermind üçün mobil tətbiqin yaradılmasının vəd edildiyini, lakin belə bir tətbiqin nəticədə hazırlanmadığını bildirirlər.

İnvestorların sözlərinə görə, onlar bir neçə il ərzində şirkətin daxilində ciddi problemlərin olduğunu bilməyiblər. Onların iddiasına əsasən, Wondermind maliyyə çətinlikləri ilə üzləşib, əməkdaşlara ödənişlər gecikdirilib və şirkətdə digər təşkilati problemlər yaranıb. İnvestorlar bu vəziyyətdən yalnız daha sonra xəbər tutduqlarını bildirirlər.

Selena Qomez, anası Mendi Tifi və Daniella Pirson Wondermind layihəsini 2021-ci ildə təsis ediblər. Startap istifadəçilərin psixoloji vəziyyətləri barədə danışa, faydalı məzmun əldə edə və psixi sağlamlıqlarının qayğısına qalmaq üçün müxtəlif vasitələr tapa biləcəyi platforma kimi təqdim olunurdu.


Bu mövzu Selena Qomez üçün xüsusi əhəmiyyət daşıyırdı. O, 2021-ci ildə Wondermind-in təqdimatı zamanı səsini həqiqətən əhəmiyyətli hesab etdiyi layihələr üçün istifadə etməyə çalışdığını demiş və şirkətin yaradılmasında ona dəstək olan anasına təşəkkür etmişdi.

Hazırda isə startap tamamilə fərqli səbəbdən gündəmdədir. İnvestorlar yatırdıqları vəsaitin geri qaytarılmasını və məhkəmə prosesi ilə bağlı xərclərin ödənilməsini tələb edirlər.

Qomezin nümayəndəsi ittihamlara hələlik açıq şəkildə münasibət bildirməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Avqust 2026