Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5 min 400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə təşkil olunan mediaturda bildirilib.
Qeyd olunub ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Mərkəzdə əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.
Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5 min 400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4 minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edilib.
Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.
Qeyd edək ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində 1 və 2 saylı, habelə Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.