“Bu gün səhər saat 7 radələrində dayanacaqda sərnişin 205 nömrəli avtobusu saxlatmaq üçün özünü avtobusun altına atdı”,
Bu barədə Bakıvaxtı.az-a haqqında danışılan marşrut avtobusun sərnişinlərindən biri məlumat verib.
Onun sözlərinə görə, adətən bu marştutda sərnişin sıxlığı olduğundan, sürücülər əksər vaxt müəyyən dayanacaqlarda saxlamırlar:
“Bu gün səhər də eyni mənzərənin şahidi olduq. Səbail Rayon Mühafizə İdarəsinin yaxınlığındakı sərnişinlərdən biri sürücünün avtobusu saxlamadığını görüb özünü avtobusun altına atmaq istədi. Sürücünün çevikliyi nəticəsində bədbəxt hadisənin qarşısı alındı”.
Qeyd edək ki, redaksiyamıza 205 nömrəli marşrutla bağlı şikayətlər daxil olir. Sərnişinlər xəttə verilən avtobusların kiçiktutumlu olmasından narazılıq edirlər:
“Hər gün eyni problemlə qarşılaşırıq. Havalar isinir. Avtobusda sıxlıqdan nəfəs almaq olmur”.
Şikayətçilər, heç olmasa, pis saatlarda xəttə iritutumlu avtobusların verilməsini və ya intervalın qısaldılmasını istəyirlər. Dediklərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə etdikləri çoxsaylı şikayətlər də bir nəticə vermir.
Bakıvaxtı.az sərnişinlərin şikayəti ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərib. Qurumun mətbuat katibi Tural Orucov saytımıza bildirib ki, 205 nömrəli marşrut üzrə 15 avtobusun 13 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulub. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur:
“Marşrut üzrə avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi üçün daşıyıcıya tapşırıqlar verilib. Həmçinin qeyd edilən marşrut xəttinin daha optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də təhillər aparılır”.
Mətbuat katibi deyib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
“Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir”, - deyə Tural Orucov əlavə edib.
Lalə Padarova
BDU-nun tələbəsi
Bakıvaxtı.az