Şirvan Suvarma Kanalı 105,9 min hektar yeni torpaq sahəsini dövriyyəyə cəlb edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, kanalın tikintisi çərçivəsində uzunluğu 204,3 kilometr, suötürmə qabiliyyəti saniyədə 180 kubmetr yeni magistral suvarma infrastrukturu istifadəyə veriləcək: "Layihənin icrası nəticəsində Hacıqabul rayonu da daxil olmaqla 9 rayonda 112,3 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla yanaşı, 105,9 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək. Beləliklə, ümumilikdə 228 min hektardan artıq ərazi layihədən faydalanacaq. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu təşəbbüs Şirvan zonasının sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı istehsalının genişlənməsinə və regionun su təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək".
Bundan başqa, sədr müavini deyib ki, Qarabağ Suvarma Kanalının yenidən qurulması su təminatını gücləndirəcək: "Kanalın yenidən qurulması nəticəsində uzunluğu 172,4 kilometr, suburaxma qabiliyyəti saniyədə 135 kubmetr olan bu su təsərrüfatı infrastrukturu Qarabağ və ətraf rayonların su təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Kanal eyni zamanda Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağının əlavə su ilə qidalanmasına şərait yaradacaq. Nəticədə Mərkəzi Aran və Şirvan–Salyan iqtisadi rayonlarında əkin sahələrinin su təminatı güclənəcək, kənd təsərrüfatı istehsalının dayanıqlığı və məhsuldarlığı artacaq".
Bundan başqa, onun sözlərinə görə, Bərgüşadçay Su Anbarının tikintisi də region üçün strateji əhəmiyyət daşıyan iri infrastruktur layihələrindən biridir: "Yeni yaradılacaq su mənbəyi Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarının dayanıqlı su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Layihənin həyata keçirilməsi Kür–Araz hövzəsində su ehtiyatlarının daha səmərəli bölüşdürülməsinə imkan verəcək, eyni zamanda aşağı axında yerləşən Salyan və Neftçala rayonlarının su təhlükəsizliyinin gücləndirilməsinə əlavə zəmin yaradacaq".
Bakı 



