"Avropa Qızıl Liqasının ilk turunda çox pis çıxış etdik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu idman.biz-ə Azərbaycan millisinin voleybolçusu Yana Doroşenko deyib.
31 yaşlı toppaylayıcı Avropa Qızıl Liqasında növbəti oyunlarla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, ilk 2 matçda məğlub olsalar da, qarşıdakı görüşlərdə qələbəyə kökləniblər: “Bakıdakı matçlarda yaxşı oyun göstərmədik. Taktiki baxımdan səhvlərimiz çox idi. İlk görüşdə - Macarıstanla mübarizədə şansları əldən verdik, sanki komanda bir-birini anlamırdı. Sloveniya ilə oyuna isə daha yaxşı hazırlaşsaq da, yenə məğlub olduq. Hazırda Slovakiyadayıq və ikinci tur üçün hazırlıqlarımız başlayıb. Qələbə qazanacağımıza inanıram”.
Qeyd edək ki, millimiz Bakıdakı ilk 2 matçda Sloveniya və Macarıstana 0:3 hesabı ilə məğlub olub. Voleybolçularımız növbəti qarşılaşmasını iyunun 6-da tura ev sahibliyi edəcək Slovakiyaya qarşı keçirəcək. Ertəsi gün isə rəqibimiz Monteneqro millisi olacaq.