• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Snus tələsi: Məktəblilərə qarşı təhlükəli oyun - DİQQƏTLİ OLAQ

CƏMİYYƏT

22 Dekabr 2025 | 14:27

Snus tələsi: Məktəblilərə qarşı təhlükəli oyun - DİQQƏTLİ OLAQ

“Hazırda Bakı məktəbləri ətrafında snus adlı, saqqıza bənzər və tərkibi şübhə doğuran məhsulun yayılması narahatlıq doğurur. Bu cür hallar təkcə bu məhsulla məhdudlaşmır, ümumilikdə narkotik vasitələrə və müxtəlif zərərli maddələrə çıxış yaratmaq məqsədi daşıyan cəhdlər də müşahidə olunur”.

Bunu təhsil eksperti Ramin Nurəliyev Bakıvaxtı.az-a sözügedən problemlə bağlı danışarkən bildirib. Onun fikrincə, məqsəd əsasən azyaşlıları hədəfə almaq, onları aldatmaq və gələcəkdə daimi istifadəçiyə çevirməkdir. Bu isə müəyyən dairələr üçün maddi qazanc deməkdir.

Ekspert təəssüf hissi ilə bildirib ki, bəzi hallarda azyaşlılar bu cür tələlərə düşür. Dediyinə görə, bu tip halların orta ümumtəhsil məktəblərinə qədər sirayət etməsi vətənpərvər mövqeyə tamamilə ziddir. Gəncliyin gələcəyini düşünməyən, onu məhv etmək istəyən qüvvələrin fəaliyyəti kimi dəyərləndirilməlidir:

“Bu qüvvələrin daxildə və ya xaricdə olması hüquq-mühafizə orqanlarının araşdıracağı məsələdir. Amma bir həqiqət aydındır: azyaşlıları bu cür zərərli maddələrə cəlb etmək Azərbaycan gəncliyinə zərbə vurmaq cəhdidir”.

Müsahibimizin fikrincə, bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan gəncliyi güclüdür və məhv olmayacaq. Xalqımız tarix boyu iradəsini, vətənə sədaqətini qoruyub. Bu ruh İkinci Qarabağ müharibəsində də açıq şəkildə özünü göstərdi. Məhz gənclərimizin şücaəti bu birliyin və gücün nümunəsi oldu:

“Əminliklə demək olar ki, hüquq-mühafizə orqanları məktəblər ətrafında bu cür problemlərin qarşısını almaq üçün lazımi tədbirləri görəcək. Belə halların təkrarlanmaması, zərərli maddələrin uşaqlarımız və gələcək nəslimiz arasında yayılmaması üçün hər kəs diqqətli olmalıdır”.

Ramin Nurəliyev: Bu, bütün cəmiyyətin məsuliyyətidir

R.Nurəliyev bildirir ki, məktəb ətrafında şübhəli şəxslər müşahidə edildikdə dərhal polis orqanlarına məlumat verilməlidir. Bu cür maddələrin satışı və ya məktəb ərazisinə gətirilməsi ilə bağlı ən kiçik şübhə belə vaxtında bildirilməlidir ki, təhlükənin qarşısı dərhal alınsın:

“Bu məsələdə təkcə təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti var. Vətəndaş cəmiyyəti olaraq birlikdə hərəkət etməli, gəncliyimizi qorumağa çalışmalıyıq. Çünki gəncliyin məhvi Azərbaycanın gələcəyinə yönəlmiş təhlükədir. Azərbaycan xalqı bu cür təhlükələr qarşısında heç vaxt boyun əyməyib və bundan sonra da əyməyəcək”.

Həmsöhbətimiz valideynlərə, şagirdlərə və təhsil müəssisələrinə çağırış edərək bildirib ki, bu məsələdə diqqətli və aktiv olsunlar. Şagirdlər şübhəli təkliflərə aldanmamalı, belə hallarla rastlaşdıqda məktəb rəhbərliyinə, valideynlərinə və imkan daxilində hüquq-mühafizə orqanlarına dərhal məlumat verməlidirlər:

“Ümid edirəm ki, qısa müddətdə bu şəbəkə ifşa olunacaq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR