26-29 yanvar tarixlərində SOCAR-ın rəhbərliyi ilə "Umid Babek Operating Company" (UBOC) əməliyyat şirkətinin nümayəndə heyəti, Çinin Şençjen şəhərində yerləşən “Huawei” şirkətinin Baş ofisini ziyarət ediblər.
Bakıvaxtı.az şirkətə istinadən xəbər verir ki, səfər neft-qaz sektorunda rəqəmsal transformasiya və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsinin aparılması məqsədini daşıyıb.
Qeyd olunur ki, səfər çərçivəsində SOCAR-ın vitse-prezidenti Babək Hüseynov və “Huawei” şirkətinin Neft və Qaz Sənayesi üzrə prezidenti Denq Bi ilə keçirilən görüşdə rəqəmsal həllərin daha innovativ əməliyyatlara, səmərəliliyin artırılmasına və uzunmüddətli dəyər yaradılmasına verdiyi töhfələr müzakirə edilib.
“Bu kimi əməkdaşlıq və müzakirələr SOCAR-ın uzunmüddətli rəqəmsal strategiyasını dəstəkləməklə yanaşı, UBOC-un əməliyyat səmərəliliyini, dayanıqlılığını və davamlılığını artıran yeni texnologiyalarla yaxından tanış olmasına imkan yaradır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərində yaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən, qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neft şirkətidir.
Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanına əsasən şirkətin əsası qoyulub və öz fəaliyyəti çərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət və məsuliyyətli təsirlərin yaradılmasını məqsəd qoyub. Bu məqsədlərə nail olunması üçün Şirkətin strategiyası, siyasət və qaydaları, həmçinin, müvafiq missiya və məramı müəyyən edilib. Dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkət tərəfindən həyata keçirilən bütün yeni layihələrdə ekoloji və sosial effektivliliyin artırılması əsas prinsiplərdən birini təşkil edir.
Bakı 




