Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində soyqırımı qurbanlarının ailə üzvlərindən, habelə soyqırımının şahidləri olan müharibə veteranlarından bir qrupu ilə görüş keçirilib. Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakıvaxtı.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla törədilən soyqırımı zamanı 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl olan 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Bu işğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib. Ulu Öndərimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb. 2020-ci il Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı Ermənistanın 30 il davam edən işğalından azad edib. 2023-cü il sentyabrın 19-20-də Ordumuzun lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri də separatçılardan təmizlənib. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Görüşdə bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışının olduğu, ötən dövrdə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması üçün atılan addımlar diqqətə çatdırılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlər, Fondun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyasının əhəmiyyəti vurğulanıb.
Erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri, misli görünməmiş vəhşiliklərdən bəhs olunub. Xocalı soyqırımı zamanı şəhid olanların ailələrinin, yaralanaraq əlilliyi müəyyən edilmiş insanların sosial müdafiəsi tədbirləri, azadlığına qovuşan bütün ərazilərimiz kimi, Xocalıda da aparılan böyük quruculuq işləri diqqətə çatdırılıb. Azad edilmiş doğma yurdlarına - Xocalıya köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirlər qeyd olunub.
Bakı 




