Rəqəmsal medianın sürətlə yayıldığı müasir dövrdə oxu vərdişləri kökündən dəyişir. Ənənəvi kağız kitabların sakit və diqqətli ritmi, sosial media, qısa videolar və sürətli mətn axınlarının cəlbedici dünyasında get-gedə geri planda qalır. İnsanların diqqəti bir anda yüzlərlə informasiya mənbəyinə yönəlir, oxuma prosesinin dərinliyi isə azalır.
Buna baxmayaraq, texnologiyanın gətirdiyi yeniliklər eyni zamanda yeni imkanlar da açır. E-kitablar, audio kitablar və interaktiv platformalar oxumağı daha əlçatan və cəlbedici edir, xüsusilə texnologiya ilə iç-içə böyüyən gənc nəsil üçün. Bu, oxu vərdişinin tükənməsi deyil, onun yeni formalarla zənginləşməsi kimi də qiymətləndirilə bilər.
Belə bir mənzərədə əsas sual ortaya çıxır: rəqəmsal texnologiyalar oxu vərdişini artırır, yoxsa azaldır? Məktəblər və kitabxanalar isə bu dəyişən dünyada oxu mədəniyyətini necə yaşada və gəncləri kitablarla dost edə bilər? Onların rolu sadəcə kitablara çatmaq deyil, həm də oxumağa həvəs yaratmaqdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən naşir Şahbaz Xuduoğlunun sözlərinə görə, son illərdə kitab sektoru ilə bağlı artım müşahidə olunur.
Onun fikrincə, rəqəmsal texnologiyaların inkişafı və internet resurslarının geniş yayılması ənənəvi kitab bazarına mənfi təsir göstərmir, əksinə, onu tamamlayıcı bir element kimi dəstəkləyir.
Xuduoğlu qeyd edir ki, elektron kitablar və onlayn platformalar yeni oxucu kütləsinin formalaşmasına imkan yaradır, bu da insanların oxu vərdişlərini genişləndirir və müxtəlif yaş qruplarında kitab mədəniyyətinin inkişafına töhfə verir.

Şahbaz Xuduoğlu: Kitabsevərlər hələ də çap kitablarına üstünlük
O həmçinin əlavə edib ki, kitabsevərlər hələ də çap kitablarına üstünlük verir və kitab mağazaları, sərgilər, mədəni tədbirlər oxucular üçün əvəzolunmaz sosial və intellektual mühit rolunu oynamaqda davam edir:
"Həm ənənəvi, həm də rəqəmsal formatda kitabların birgə mövcudluğu, kitab bazarının dinamizmini qoruyur və oxu mədəniyyətini daha da zənginləşdirir".
Əli Hüseynov
Bakı 




