Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Qurban Pirimov qurumda 15 nəfərin işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Bakıvaxtı.az-ın məlumatına görə, kinostudiyanın direktoru Teleqraf-a açıqlamasında bildirib ki, məlumat doğru deyil: "Belə bir hal müşahidə olunmayıb. Direktor vəzifəsini icra etdiyim son dörd ay ərzində işdən azad edilənlərin sayı 15 nəfər ola bilməz. Bu müddətdə işdən çıxmalar qanunvericiliyə uyğun olaraq, yalnız şəxslərin ərizəsi əsasında həyata keçirilib. Məsələn, dekabr ayında iki nəfər işdən çıxıb, onlar başqa iş imkanlarından istifadə etmək məqsədilə belə addım atıblar", - deyə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kino Agentliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından 15 nəfərin işdən çıxarılması ilə bağlı məlumat yayıb.
***
13:10
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində həyata keçirilir: "Bu proses zamanı real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb".
Məlumatda qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib.
"Eyni zamanda, kinostudiyanın inkişafına dair qısa və orta müddətli fəaliyyət planları mövcuddur və bu planlar mərhələli şəkildə icra olunur", - məlumatda qeyd edilib.
Bakı 




