• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Mədəni layihələr gənclərin dünyagörüşünü necə formalaşdırır? - AÇIQLAMA

MƏDƏNİYYƏT

06 Mart 2026 | 17:20

Mədəni layihələr gənclərin dünyagörüşünü necə formalaşdırır? - AÇIQLAMA

Qloballaşma dövründə gənclərin dünyagörüşü daha sürətli və çoxşaxəli şəkildə formalaşır.

İnformasiya texnologiyaları, sosial media və beynəlxalq təhsil imkanları onların düşüncə tərzinə və həyat tərzinə əhəmiyyətli təsir göstərir. Lakin yalnız texnologiya və informasiya kifayət deyil.

Gənclərin əqli və sosial inkişafında mədəniyyətin rolu da getdikcə aktuallaşır. Muzeylər, teatrlar, sərgilər, ədəbiyyat gecələri, film festivalı və digər mədəni tədbirlər gənclərə yalnız əyləncə təqdim etmir; onlar vasitəsilə fərqli düşüncə tərzləri ilə tanış olur, empatiya bacarıqlarını inkişaf etdirir və dünyagörüşlərini zənginləşdirirlər.

Mədəniyyət layihələri və tədbirləri gənclərin intellektual və sosial inkişafına nə dərəcədə təsir göstərə bilir və bu təsirin əsas mexanizmləri hansılardır?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən sənətşünas Sədaqət Zaurqızı bildirb ki, qloballaşma dövründə mədəniyyət layihələrinin gənclərin dünyagörüşünün formalaşmasında çox böyük rolu var. Bu cür layihələr gənclərə yalnız öz mədəniyyətimizi deyil, həm də dünya xalqlarının mədəniyyətlərini tanımaq imkanı yaradır. Bu isə onların dünyagörüşünün genişlənməsinə birbaşa təsir göstərir. Eyni zamanda Azərbaycan tolerant ölkədir və burada müxtəlif xalqlar, etnik qruplar yaşayır.

Onun sözlərinə görə, onların mədəniyyətinin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi də çox əhəmiyyətlidir. Belə təşəbbüslər gənclərin sosial inkişafına müsbət təsir edir, onları bir araya gətirir və müxtəlif mədəniyyətlərin bir-biri ilə daha yaxından tanış olmasına şərait yaradır. Bu proses həm də gənclərdə vətənpərvərlik ruhunun formalaşmasına kömək edir:

"Mədəni layihələr çərçivəsində keçirilən müxtəlif festivallar da xüsusi əhəmiyyət daşıyır. Məsələn, son illərdə keçirilən xalça festivalını qeyd edə bilərik. Bu festival həm xalçaçılıq ənənələrimizin təbliği baxımından vacibdir, həm də gənclərin tarixi məkanlara marağını artırır. Festivalın İçərişəhərdə keçirilməsi gənclərin qədim memarlıq və tarixi abidələrlə daha yaxından tanış olmasına imkan yaradır. Burada müxtəlif bölgələrə məxsus xalça nümunələri, onların ornamentləri, tarixi və xalçaçılıq ənənələri haqqında məlumatlar təqdim olunur. Bu isə gənclərin mədəniyyətimizlə həm əyləncəli, həm də interaktiv formada tanış olmasına şərait yaradır".

Sədaət Zaurqızı, sənətşünas

Müsahibimiz qeyd edib ki, ölkəmizdə keçirilən digər beynəlxalq mədəni tədbirləri də qeyd etmək olar. Məsələn, son illərdə keçirilən  "Nasimi Festival of Poetry", "Spirituality and Art" müxtəlif ölkələrdən alimləri, şairləri və sənət adamlarını bir araya gətirərək mədəniyyətlərarası dialoqa töhfə verir. Bu festival poeziya, incəsənət və fəlsəfə mövzularını birləşdirərək gənclərin intellektual inkişafına da müsbət təsir göstərir:

"Bakıda keçirilən "Baku Art Week" end kimi tədbirlər də incəsənət sahəsində fəaliyyət göstərən gənclərin üzə çıxmasına imkan yaradır. Belə layihələrdə musiqi sahəsində çalışan gənclər, rəssamlar, heykəltəraşlar və digər yaradıcı şəxslər iştirak edir. Bu tədbirlər zamanı həm iştirakçılar, həm də ziyarətçilərin böyük hissəsinin gənclər olması onları mədəni hadisələrin birbaşa iştirakçısına çevirir. Gənc sənətçilər öz əsərləri ilə intellektual səviyyələrini nümayiş etdirir və bu yaradıcılığı tamaşaçılarla bölüşürlər".

S.Zaurqızının fikrincə, bu da cəmiyyətdə müsbət dinamika yaradır və gənclər arasında mədəni təbəqənin formalaşmasına töhfə verir:

"Təbii ki, bəzi çatışmazlıqlar da mövcuddur. Məsələn, bölgələrdə müxtəlif festivallar və mədəni tədbirlər keçirilsə də, bəzən onların daha geniş auditoriyaya çatdırılması, məlumatlandırma və gənclərin bu layihələrə daha aktiv cəlb olunması istiqamətində işlərin artırılmasına ehtiyac var. Bu sahədə imkanların genişləndirilməsi mədəni layihələrin təsirini daha da gücləndirə bilər".

Rəşid Muxtar


SON XƏBƏRLƏR

06 Mart 2026