Azərbaycan estradasının yadda qalan səslərindən biri olan Xalq artisti Mübariz Tağıyev illərdir özünəməxsus ifa tərzi və səhnə performansı ilə dinləyicilərin sevgisini qazanıb. Onun səsləndirdiyi mahnılar yalnız melodiyası ilə deyil, həm də insanın qəlbinə toxunan emosional çalarları ilə yadda qalır.
Sənətkarın səmimi ifası və tamaşaçı ilə qurduğu isti ünsiyyət onu Azərbaycan musiqi səhnəsində seçilən simalardan birinə çevirib.
Uzun illərdir sənət fəaliyyətini davam etdirən ifaçı zaman-zaman çətinliklərlə qarşılaşsa da, yaradıcılıq ruhunu itirmədən pərəstişkarları ilə bağını qoruyub saxlayıb. Bir müddətdir mediada görünməyən sənətkarın səhhəti və fəaliyyəti ilə bağlı vəziyyəti isə dinləyicilər üçün maraq doğurur.
Xalq artisti Mübariz Tağıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son günlər səhhətində müəyyən narahatlıq yaranıb. Onun sözlərinə görə, bu vəziyyət virusla əlaqəlidir və hazırda ev şəratiində müalicə alır.
Sənətkar bildirib ki, vəziyyəti stabil olsa da, müalicə prosesini davam etdirir və tezliklə yenidən səhnəyə qayıtmağı planlaşdırır:
“Son günlər səhhətimdə müəyyən problemlər yarandı. Görünür, virus öz təsirini göstərdi. Həkimlərin tövsiyələrinə uyğun olaraq müalicə alıram və səhhətimə diqqət yetirirəm. Ümid edirəm ki, yaxın vaxtlarda hər şey qaydasına düşəcək. Qarşıda bəzi planlarımız var, onların üzərində işləyirik. İnşallah, aprelin 28-də yenidən görüşəcəyik. Dinləyicilərimin sevgisini və dəstəyini hər zaman hiss edirəm. Onlara dərin təşəkkürümü bildirir və hamısını salamlayıram”.
Xalq artisti əlavə edib ki, səhhəti tam bərpa olunduqdan sonra yaradıcılıq fəaliyyətini davam etdirəcək və yeni layihələrlə yenidən dinləyicilərin qarşısına çıxacaq.
Əli Hüseynov
Bakı 




