• Bakı 15° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Sülh planında təminatlar var, amma həmin təminatlara inam yoxdur - AÇIQLAMA

SİYASƏT

01 Dekabr 2025 | 15:53

Sülh planında təminatlar var, amma həmin təminatlara inam yoxdur - AÇIQLAMA

"ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə dair təqdim etdiyi sülh planı ilə bağlı azı 2-3 aylıq müzakirələr gedib".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, ABŞ-ni, prezident Donald Trampı Ukraynanın ərazi bütövlüyü o dərəcədə düşündürmür:

"Donbasın tamamilə Rusiyaya verilməsini Tramp böyük güzəşt hesab etmir. Rusiya ilə ABŞ-nin oyunu daha böyük bir coğrafiyada gedir. Tramp Qəzza ilə bağlı layihəsini BMT-nin Təhlükəsizlik Şurasından keçirə bildi. Halbuki, Şarm Əl-Şeyxdəki toplantıya Rusiya və Çin dəvət edilməmişdi. Çünki Rusiya və Çin Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək planın icrasına imkan verməyəcəkdilər. Rusiya və Çin bitərəf qaldığı üçün həmin layihə qəbul edildi. İstisna olunmur ki, indi Rusiyanın hansısa istəklərinin nəzərə alınmasının, Kiyevə təzyiq edilməsinin arxasında ABŞ-nin Venesuela üzərinə yeriməsinə Rusiyanın qarşı çıxmaması dayanır”.

Musabəyov qeyd edib ki, Amerikanın sülh planında Rusiyanın yenidən G 8-ə qayıtması məsələsi də yer alıb:

“Sülh sənədinə bu məsələni əlavə etməyə nə ehtiyac var idi? Çünki ABŞ belə istəyirdi. Rusiyanı Çindən və BRİKS-dən aralamağa çalışır. Vaşinqton üçün əsas odur ki, Ukrayna dövlət olaraq mövcudluğunu saxlasın və ondan Rusiyanın qarşısında istifadə etmək mümkün olsun. Zelenskinin aqibəti, müharibədən sonra hakimiyyətdə qalıb-qalmayacağı Ağ Evi maraqlandırmır".

Rasim Musabəyov: Trampı Ukraynanın ərazi bütövlüyü o dərəcədə düşündürmür

Deputat bildirib ki, Avropa ölkələri böyük müharibəyə hazırlaşmalı olduqlarını deyirlər:

"Bunun üçün Avropaya təqribən 2029-30-cu illərədək vaxt lazımdır. Öz hərbi sənayelərini inkişaf etdirəcək və müqavimət imkanı əldə edəcəklər. İndi Avropanın müqaviməti Ukraynanın vuruşan ordusudur. Bu gün Rusiyanın Avropaya hərbi təzyiqinin qarşısında Ukrayna durur. Üç ildir müharibə getməsinə baxmayaraq, Avropa yenə də savaşa hazır deyil”.

“Təqdim olunan sülh sənədində təminatlar var, amma həmin təminatlara inam yoxdur. Fərz edək ki, sənəd imzalandı və Rusiya öhdəlik götürdü ki, Avropaya hərbi təcavüz etməyəcək. Diqqət yetirsək görərik ki, sənəddə "Avropa" yazılıb. Yəni Rusiya öz hərbi gücü ilə Mərkəzi Asiyada, Cənubi Qafqazda və digər bölgələrdə qala bilər”, - deyə Rasim Musbəyov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR