• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Sülh Sazişi: Razılaşmalar regionda yeni səhifələr aça bilər

SİYASƏT

12 Avqust 2025 | 15:52

Sülh Sazişi: Razılaşmalar regionda yeni səhifələr aça bilər

Azərbaycan və Ermənistan arasında paraflanmış Sülh Sazişi uzun illər davam edən gərgin münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Sazişin ratifikasiyasından sonra sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması və qarşılıqlı səfərlərin mümkün istiqamətləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Prosesin mərhələli şəkildə həyata keçiriləcəyi, ilkin mərhələdə isə siyasi dialoqun gücləndirilməsi və iki ölkə ictimaiyyətləri arasında etimad mühitinin formalaşdırılmasının əsas prioritet olacağı gözlənilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən, sərhədlər açıldıqdan sonra Azərbaycan və Ermənistan vətəndaşlarının ilk səfər istiqamətlərinə toxunan müəllim, bloger Vüsal Məmmədzadə bildirib ki,  bu barədə danışmaq hələ tezdir:

"Sülh Sazişinin ratifikasiyasından sonra diplomatik münasibətlərin qurulmasına keçid mərhələsi olacaq. Yəqin ki, Azərbaycan vətəndaşlarının Ermənistanda ilk görəcəkləri yer, Zəngəzurdan keçəcək marşrut xətti boyunca ərazilər olacaq. Bu ərazi əsasən tranzit kimi istifadə ediləcək. Fikrimcə, yol ilkin mərhələdə yüklərin daşınması üçün nəzərdə tutulacaq, yalnız növbəti mərhələdə vətəndaşlar həmin yoldan tranzit məqsədilə istifadə edə biləcəklər".

Onun sözlərinə görə, sosial şəbəkələrdə apardığı sorğuda vaxtilə Ermənistan SSR-də doğulanlar daha fəal iştirak ediblər:

"Onlar doğulub boya-başa çatdıqları yerləri, yaxınlarının məzarlarını ziyarət etmək istəyirlər".

Bu seçimlərin qarşılıqlı münasibətlərə təsirindən danışan həmsöhbətimiz qeyd edib ki, ilkin mərhələdə vətəndaş səfərləri reallaşmayacaq:

"Böyük ehtimalla, münasibətlərin nizamlanması prosesində ictimai xadimlər, mədəniyyət nümayəndələri, jurnalistlərdən ibarət qrupların qarşılıqlı səfərləri olacaq. Münasibətlərin bərpası üçün belə səfərlər və dialoqlar vacibdir. Ondan sonra sərhədlərin açılması və fərdi səfərlər mümkün olacaq".

Vüsal Məmmədzadə: Paraflanmış Sülh Sazişinin mətni diplomatik münasibətlərin yaradılmasını təsdiqləyir

Diplomatik münasibətlərin qurulması perspektivlərinə də toxunan müsahibimiz bildirib:

"Paraflanmış Sülh Sazişinin mətni diplomatik münasibətlərin yaradılmasını təsdiqləyir. Müstəqillik dövründə iki dövlət arasında siyasi münasibətlər heç vaxt yaxşı olmayıb, buna görə də diplomatik əlaqələrin qurulması çətin proses olacaq. Lakin hər iki tərəfdə bu prosesə töhfə verə biləcək siyasi fiqurlar var. Hazırda səfirlik barədə danışmaq tezdir, amma əgər İrəvanda Azərbaycanın səfirliyi fəaliyyətə başlasa, şəxsən mən Baş nazirin müavini Şahin Mustafayevi səfir kimi görmək istərdim. Bilirsiniz ki, o, Ermənistanda doğulub, orada təhsil alıb və erməni mətbuatı onun haqqında hətta film də çəkib. Müəllimləri də onun haqda müsbət fikirlər səsləndirib. II Qarabağ Müharibəsindən sonra münasibətlərin tənzimlənməsi prosesində də onun rolu böyük olub".

Məmmədzadə hesab edir ki, səfirlik açılması üçün bir neçə il gözləmək lazım gələ bilər:

"Münasibətlərin qaydaya salınması və uğurlu diplomatik əlaqələrin qurulması üçün fərqli formatlarda fəaliyyətlər təşkil edilməlidir. Hər iki tərəfdən qarşı tərəfi yaxşı tanıyan, xarakterinə bələd olan şəxslər prosesə cəlb olunmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR