• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Sülh sazişinin paraflanması: Zəngəzur dəhlizi, imzalanan sənədlər dəyişikliklər yaradacaq?

SİYASƏT

11 Avqust 2025 | 16:15

Sülh sazişinin paraflanması: Zəngəzur dəhlizi, imzalanan sənədlər dəyişikliklər yaradacaq?

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerika Birləşmiş Ştatlarına etdiyi səfər böyük tarixi əhəmiyyət daşıyır.  Bu səfərin əsas məqsədlərindən biri ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında bir sıra sənədlərin və müddəaların ilkin razılaşdırılması oldu.

Azərbaycanla ABŞ arasında olan ikitərəfli münasibətlər və bu əlaqələrin sülh müqaviləsinin imzalanmasına təsiri xüsusilə diqqət çəkir. Bundan sonra ikinci əsas məsələ isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, ABŞ və Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu, həmçinin Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması ilə də sübut olunur:

“Bizim inkişaf istiqamətimiz ABŞ-ylə dostluq münasibətlərinin əsasına dayanacaq. Amerika ilə Azərbaycan arasında enerji, ticarət, regional nəqliyyat əlaqələri və müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur, həmçinin süni intellekt sahəsində də əməkdaşlıq aparılır. Ümid edirəm ki, yaradılacaq Strateji İşçi Qrup həm regional, həm də beynəlxalq səviyyədə faydalı olacaq".

Onun sözlərinə görə, ən vacib məsələlərdən biri 907-ci düzəlişin tətbiqinin dayandırılması haqqında sənədin imzalanması oldu. Bu addım çox böyük önəm daşıyır. Əvvəllər ABŞ-dən dövlət yardımlarının verilməsi ümumiyyətlə qadağan edilmişdi. Əvvəlki ABŞ administrasiyası - Bayden və Blinken dönəmi, Əfqanıstan əməliyyatlarının sona çatmasından sonra 907-ci düzəlişin tətbiqinə davam etmişdi:

"Prezident İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş nəticəsində Birgə Bəyannamə imzalandı. Burada Azərbaycanın uzun müddət irəli sürdüyü bir sıra vacib məsələlər öz əksini tapdı. Bunlardan biri Minsk Qrupunun fəaliyyətinin dayandırılması oldu. Bu səbəbdən ATƏT-ə birgə müraciət edildi. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması müddəası olduqca önəmlidir. Zəngəzur dəhlizinin açılması və digər müddəaların ilkin razılaşdırılması geniş müzakirələrə səbəb oldu".

Arzu Nağıyev: Trampın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması böyük əhəmiyyət daşıyır

Müsahibimiz onu da əlavə edib ki, Naxçıvana quru yolu ilə maneəsiz keçidin təmin olunması məsələsi də diqqətdədir və artıq bu dəhliz fəaliyyətə başlayır. Donald Trampın Zəngəzur dəhlizinin qorunmasında rol oynayacağı ilə bağlı açıqlaması da böyük əhəmiyyət daşıyır:

"Paraflanan sənədlər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə təsdiq edildi. Bu paraflama sülh müqaviləsinin imzalanmasına doğru ciddi addımdır. 2026-cı ildə Ermənistan Konstitusiyasında planlaşdırılan dəyişikliklərlə bağlı referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması mümkün olacaq. Məncə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfə tarixi xarakter daşıyır və bu, keçmişdə İsrail və Misir arasında Cimmi Karterin təşəbbüsü ilə əldə edilən müqavilə ilə müqayisə oluna bilər".

Son olaraq A.Nağıyev diqqətə çatdırıb ki, ümumilikdə, Azərbaycanın həyata keçirdiyi islahatlar və müstəqil daxili və xarici siyasət ölkənin bu prosesdə uğurla irəliləməsinə şərait yaratdı. Bu, yalnız region üçün deyil, bütövlükdə dünyada da önəmli hadisədir:

"Mən əminəm ki, Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, ölkənin suverenliyi, ərazi bütövlüyü və xalqın rifahı naminə atdığı qətiyyətli addımlar öz müsbət nəticələrini verir. Bu siyasət geri dönməzdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR