Vaşinqton görüşü Azərbaycanın diplomatik tarixində mühüm yer tutan hadisədir. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Vaşinqton görüşünün əhəmiyyətini daha da artırdı. Bu görüş həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin liderliyi və diplomatik iradəsi ilə gerçəkləşən görüş nəticəsində əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirərək, strateji tərəfdaşlıq və regional sabitliyin təmin olunmasına zəmin yaratdı.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan üçün yeni dövrün başlanğıcını qoydu:
"Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, həmçinin regionda sabitliyin təmin olunması istiqamətində atılan addımlar Vaşinqton görüşünün uğurlu nəticələrinin təməlini qoydu. Bu diplomatik uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və Prezident İlham Əliyevin 2003-cü ildən bu siyasəti uğurla davam etdirməsi dayanır. Vətən müharibəsində tarixi Zəfərimizlə Prezident İlham Əliyev Ümummilli Liderin arzularını reallığa çevirdi və Azərbaycanın bugünkü mövqeyini yaratdı. Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsi oldu. Razılaşmalar Azərbaycanın artan nüfuzunu, Prezident İlham Əliyevin qətiyyətli mövqeyini və diplomatik üstünlüyünü nümayiş etdirdi. Dövlətimizin başçısı həm döyüş meydanında, həm də diplomatik arenada qələbə qazanaraq, Azərbaycanı sülhün və əməkdaşlığın müəllifi kimi təqdim etdi".
Vüqar Rəhimzadə: Vaşinqton razılaşmaları Azərbaycanın sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-Amerika ikitərəfli münasibətlərinə və Azərbaycan-Ermənistan sülh gündəliyinə xüsusi əhəmiyyət verdi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşən səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Anlaşma Memorandumu imzalandı və “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncam verildi. Bu addımlar Azərbaycan-ABŞ münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi:
"2020-ci il Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdı. Azərbaycan qalib tərəf olaraq sülh gündəliyini müəyyən edən əsas aktor kimi beynəlxalq miqyasda reallıqları təsdiqləyir və hüquqi çərçivəyə salır. Sülh danışıqları nəticəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb. İmzalanacaq sülh müqaviləsinin son mərhələsi Ermənistanın konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması ilə bağlıdır".
Parlament üzvü həmçinin onu da əlavə edib ki, Vaşinqton görüşü həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsini, Zəngəzur dəhlizinin açılmasını və regionda uzunmüddətli sabitliyin təmin olunmasını təsdiqlədi. Bu dəhliz region dövlətləri və geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları yaradır:
"Vaşinqton razılaşmaları Azərbaycanın sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir. Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini dünyaya nümayiş etdirdi. Bu görüş və imzalanan Birgə Bəyannamə Azərbaycanın regional və qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi, ölkəmizi söz sahibi olan, qalib və bütövləşən dövlət kimi təqdim etdi".
Əli Hüseynov