Son aylarda regional geosiyasətin gərgin ritmində addımlayan Rusiya–Azərbaycan münasibətləri Düşənbədə baş tutan tarixi görüşlə yeni nəfəs qazandı. İki liderin - Prezident İlham Əliyev və Prezident Vladimir Putinin üz-üzə söhbəti təkcə diplomatik jest yox, həm də strateji etimadın bərpasının rəmzi kimi qiymətləndirilir.
Bu görüş, əslində, uzun müddətdir yığılan siyasi suallara cavab, qarşılıqlı narazılıqlara isə nöqtə qoydu. Tərəflər arasında yaranmış gərgin fonu aradan qaldırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq xəttinin yenidən formalaşmasına şərait yaratdı.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, keçirilən görüş 8 aydan artıq davam edən Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi aradan qaldırıb. Hətta demək olar ki, bu gərginlik bir dəfəlik aradan götürülüb:
"Çünki Azərbaycan tərəfinin ədalətli şəkildə irəli sürdüyü üç əsas məsələyə Rusiya Prezidenti birbaşa münasibət bildirdi və onların hər birinin həll ediləcəyini bəyan etdi. Bu məsələlərdən birincisi vurulan təyyarəyə görə kompensasiya ödənilməsi, ikincisi təyyarəni vuranların cəzalandırılması, üçüncüsü isə üzr istənilməsi ilə bağlı idi".
Hikmət Babaoğlu: Düşənbədə baş tutan danışıqlar iki ölkə arasında yeni mərhələnin başlanğıcı oldu
O əlavə edib ki, artıq Rusiya–Azərbaycan münasibətlərini gərginləşdirməkdə maraqlı olan üçüncü tərəflərin əlində manipulyasiya aləti qalmadı:
"Çünki media üzərindən ictimai rəyə təsir göstərmək istəyən Zatulinin, Solovyov kimi simalar və onlara bənzər şəxslər, eləcə də Rusiya hökumətində müəyyən dairələr bu görüşdən sonra faktiki olaraq təsirsiz vəziyyətdə qaldılar".
Parlament üzvünün sözlərinə görə, ümumilikdə, ekspertlər bu görüşü Rusiya–Azərbaycan münasibətlərinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirir və hesab edirlər ki, prezidentlərin Düşənbədə baş tutan danışıqları iki ölkə arasında yeni mərhələnin başlanğıcı oldu.
Əli Hüseynov