ABŞ avtomobil istehsalçısı Ford, yüzlərlə təcrübəli mühəndisi yenidən işə götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, şirkətin bu addımı atmasına səbəb süni intellektlə işləyən avtomatlaşdırma sistemlərinin gözləntiləri doğrultmamas olub.
Bloomberg-in məlumatına görə, şirkət son üç ildə daxili olaraq "ağsaqqallar" kimi tanınan 350-dən çox baş mühəndisi yenidən işə götürüb. Bu təcrübəli işçilər keyfiyyətə nəzarət proseslərində iştirak edir, məhsullar istehsal xəttinə çatmazdan əvvəl potensial qüsurları müəyyən edir, bəziləri isə süni intellekt sistemlərinin inkişafına və təliminə dəstək verir.
Ford-un baş əməliyyat direktoru Kumar Qalhotra şirkətin avtomatlaşdırılmış keyfiyyətə nəzarət sistemlərinə həddindən artıq güvəndiyini bildirərək deyib:
"İstədiyimiz nəticələri əldə edə bilmədik. Təcrübəli mütəxəssisləri geri gətirdik və onlar istehsal xəttinə çatmazdan əvvəl problemləri müəyyən etməyə başladılar".
Şirkət süni intellektlə yenidən işə götürməklə istehsalın səmərəliliyini artırmağı hədəfləyir.
Bu təcrübəli mühəndislərin işə bərpasından sonra Fordun keyfiyyət göstəriciləri də yaxşılaşıb. J.D. Power-in yeni nəqliyyat vasitələrinin keyfiyyətini qiymətləndirən son İlkin Keyfiyyət Sorğusunda şirkət 16 ildən sonra ilk dəfə olaraq əsas avtomobil markaları arasında birinci yerə yüksəlib.
Buna baxmayaraq, Ford, köhnə modellərdəki keyfiyyət problemləri səbəbindən ABŞ-də ən çox avtomobil geri çağırışına məruz qalan istehsalçılardan biri olaraq qalır. Şirkət rəhbərləri iddia edirlər ki, bu vəziyyət insan resurslarından daha çox keçmiş avtomatlaşdırma ilə əlaqəli problemlərdən qaynaqlanır.
Ford-un Nəqliyyat Vasitələri Mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun, süni intellektin güclü bir vasitə olduğunu, lakin təkbaşına kifayət etmədiyini vurğulayıb:
"Süni intellektin uğuru onu öyrədən biliklərdən asılıdır. Biz sadəcə sistemi işə salmaqla və dizayn tələblərini yükləməklə yüksək keyfiyyətli məhsullar əldə edə biləcəyimizi düşünürdük və yanılmışıq".
Ford, süni intellektdən insan təcrübəsi və nəzarəti ilə birlikdə gələcəkdə də istifadə etməyə davam edəcəyini bildirib.
Murad Məmmədli
Bakı 



