Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “İƏT Həftəsi” çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, İƏT-nin və digər beynəlxalq qurumların təmsilçiləri, İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın İƏT çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini, təşkilatın məqsədlərinə nail olmaqda ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin ilk beş ayında İƏT ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədi ilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya, enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.
İƏT-nin baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində əksini tapan məsələlərə özəl sektorun baxışı, eləcə də ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat, yaşıl və dairəvi iqtisadiyyat sahələrində işbirliyinin gücləndirilməsi potensialı barədə danışıb.
İƏT Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına dair fikirlərini bölüşüb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşkilatçılığı ilə İƏT ölkələri ilə həyata keçirilən ikitərəfli forumlar, investisiya layihələri barədə məlumat verərək forumun dövlət-özəl tərəfdaşlığını daha da intensivləşdirəcəyini bildirib.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizin İƏT üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat veriblər.
Forumda İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir.
Forum “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.
***
11:55
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İnvestisiya və ticarətin təşviqi İƏT regionunda davamlı inkişaf üçün katalizator kimi” mövzusunda Biznes Forumu başlayıb.
Bakıvaxtı.az xəbər verir kiu, açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artıb və artıq 3,5 milyard dollara çatıb
Elnur Əliyev Azərbaycanda İƏT ölkələrinin 10 mindən çox şirkətinin fəaliyyət göstərdiyini, ötən dövrdə İƏT ölkələri tərəfindən Azərbaycana 22 milyard dollardan çox investisiya qoyulduğunu nəzərə çatdırıb.
Nazir müavini qeyd edib ki, İƏT ölkələri artıq Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edir: “Birlikdə ortaq baxışlarımızı dayanıqlı inkişafa çevirə bilərik. Azərbaycan birgə potensialımızı xalqlarımızın mənafeyi naminə istifadə etməyə hazırdır”.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan İƏT ölkələrinin dünya iqtisadiyyatında çəkisi 4,4 faizdir ki, bu da real potensialdan aşağıdır. Əsəd Məcid Xan İƏT ölkələri arasında ticarəti asanlaşdıracaq Memorandumun iyulun 25-dək imzalanması üçün ölkələri daxili prosedurları sürətləndirməyə çağırıb: “İƏT ölkələri arasında gömrük sahəsində sənəd imzalanmağa da hazırdır. Bu, üzv ölkələr arasında gömrük sahəsində prosedurları sürətləndirəcək. Bu, tarixi bir sammitdir. Biz Prezident İlham Əliyevə təşəkkür edirik, onun təşəbbüsü ilə İƏT Həftəsi keçirilir, bir yerə toplaşmışıq”.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini zəruri sayıb: “Biz İƏT regionunda yeni gündəlik üzərində çalışacağıq”.
İƏT Ticarət və Sənaye Palatası (ECO CCI) və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif İkram Şeyx uğurlu ev sahibliyinə görə Azərbaycana təşəkkür edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev İƏT ölkələri arasında ticarət dövriyyəsinə dair göstəricilər barədə danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İƏT ölkələri arasında kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyib: “Azad olunmuş ərazilərdə fəaliyyətlə bağlı 3700 –dən çox şirkətdən müraciət daxil olub. İƏT ölkələrinin şirkətlərinin də azad olunmuş ərazilərdə aktiv fəaliyyətini zəruri sayırıq”.
Keçən il KOBİA-nın təşkil etdiyi Halal Biznes Forumu barədə məlumat verən Orxan Məmmədov bu ilin oktyabrında da Bakıda ikinci Halal Biznes Forumu keçiriləcəyini nəzərə çatdırıb: “Gəlin KOB-larımızı da yaxınlaşdıraq, faydalı əməkdaşlıqlar quraq”.
Forumda Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib. Ailə fotosu ilə açılış mərasimi başa çatıb.
***
10:56
Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumun keçirilməsində məqsəd ECO regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G), “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.