• Bakı 23° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Tehranın təhlükəli oyunu: Azərbaycana yönələn ittihamların arxasında nə dayanır?

SİYASƏT

23 Iyun 2025 | 11:17

Tehranın təhlükəli oyunu: Azərbaycana yönələn ittihamların arxasında nə dayanır?

İranın dövlət təbliğat maşını yenidən işə düşüb və bu dəfə hədəfdə bir daha Azərbaycan var.

Bakıvaxtı.az-ın məlumatına görə, Tehranın rəsmi ruporu sayılan “Səhər” telekanalı son günlərdə İsraillə silahlı qarşıdurmada baş verən uğursuzluqların məsuliyyətini Bakının üzərinə yönəltmək cəhdindədir. Kanalın iddialarına görə, İsrailin Azərbaycanda hərbi bazaları mövcuddur və bu bazalardan istifadə etməklə İran ərazisinə, xüsusilə Muğan zonası və Təbrizə qarşı əməliyyatlar həyata keçirilir.

Bu iddialar reallıqdan çox Tehran rejiminin ənənəvi “günah keçisi” axtarışlarını xatırladır. İranın tarix boyu İsraillə yaşadığı toqquşmalarda - istər Suriyada, istərsə də İraq və Livanda baş verənlərdə - cavab reaksiyası əksər hallarda Azərbaycan ətrafında ittiham ritorikası ilə müşayiət olunub. Əslində bu, İranın öz hərbi zəifliyini və strateji uğursuzluqlarını pərdələmək üçün istifadə etdiyi klassik mexanizmdir.

Son hadisələrdə İsrailin İran ərazisinə endirdiyi hava və texniki zərbələr nəticəsində SEPAH-ın yüksək rütbəli komandirləri hədəfə alınıb. Tehran isə bu uğursuzluğu etiraf etmək əvəzinə, Azərbaycana qarşı informasiya hücumu ilə ictimai rəyə təsir göstərməyə çalışır. Bu, eyni zamanda daxili narazılıqları yatırtmaq, “xarici düşmən” konsepsiyası üzərindən milli birliyi saxta yollarla bərpa etmək taktikasının bir hissəsidir.

İranın iddia etdiyi kimi, İsrailin Azərbaycanda daimi hərbi bazaları yoxdur. Rəsmi Bakı dəfələrlə bu cür dezinformasiyaları rədd edib və ölkənin heç bir xarici gücə qarşı platforma olmadığını bildirib. Azərbaycan həm qonşuları, həm də strateji tərəfdaşları ilə bərabərhüquqlu və balanslı münasibətlərə üstünlük verir. İranın bu cür ittihamları isə regionda sülh və sabitliyə təhdid olaraq qiymətləndirilə bilər.

Ən narahatedici məqam odur ki, İran bu iddiaları sadəcə daxili istehlak üçün deyil, həm də beynəlxalq rəyə təsir məqsədilə yayır. “Səhər” TV-nin dili ilə verilən mesajlar rejimin yuxarı dairələrində formalaşan siyasi iradənin göstəricisidir və bu, qarşıdakı günlərdə daha geniş kampaniyaya çevrilə bilər.

Son nəticədə İran öz daxilində formalaşmış zəifliyi, hərbi və təhlükəsizlik sistemindəki sızmaları ört-basdır etmək üçün diqqəti yayındırmağa çalışır. Bu isə onu göstərir ki, Tehranın yürütdüyü geosiyasi manevrlər təkcə ideoloji təməl üzərində deyil, həm də real təhlükələr və uğursuzluqların yaratdığı panik mühit üzərində qurulub.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR