• Bakı 24° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Tələbə ola bilməmək həyatın sonu deyil: Valideynlərin ən çox buraxdığı səhvlər

CƏMİYYƏT

09 Iyul 2026 | 17:15

Tələbə ola bilməmək həyatın sonu deyil: Valideynlərin ən çox buraxdığı səhvlər

Qəbul imtahanlarında arzuladıqları balı toplaya bilməyən abituriyentlər şans imtahanı verirlər. Abituriyentlərdə stressi imtahan yox, daha çox cəmiyyət, ailə yaradır. Valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir.

Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır. Ümumilikdə isə hər bir imtahan müəyyən qədər streslidir. Hər yeni situasiya insanda təbii olaraq gərginlik yarada bilər. Hər uşağın mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil. Təəssüf ki, bəzən valideynlərdə bu cür yanaşma müşahidə olunur və bu da uşaqlarda əlavə təzyiq yaradır.

Elə paytaxtda baş verən hadisə kimi. Belə ki, Bakıda 65 yaşlı baba 9-cu sinif buraxılışı imtahanından 130 bal yığan nəvəsinə irad bildirib və ona kobud cavab qaytaran gəlininə ağır zədə yetirib. Faktla bağlı cinayət işi açılsa da, təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib.

Elmin Nuri, təhsil eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elmin Nuri deyib ki, abituriyentlərin üzləşdikləri stressin əsas səbəblərindən biri ailədə formalaşan psixoloji təzyiqdir:

“Elə abituriyentləri müşahidə etmişik ki, onlar yalnız cavablar çıxan günü hansı universitetə, hansı ixtisasa qəbul olunduqlarından xəbərdar olublar. Çünki valideyn ona şərait yaratmayıb. Söhbət 17 yaşlı, hələ özünü tapa bilməyən yeniyetmələrdən gedir. Onların üzərində bu qədər neyropsixoloji basqılar olanda, təbii ki, gənclərdən yüksək nəticə gözləmək də olmaz”.

Müsahibimiz bildirib ki, bizdə bəzi ailələr imtahanları, hansısa universitetə qəbul olmaq məsələsini az qala ölüm-dirim məsələsi kimi dəyərləndirirlər:

“Səbəbi odur ki, valideyn övladının universitetə daxil olmasına ətraf mühitdə özünün rəqabəti kimi baxır. Yəni övladını kənara qoyur. Belə ailədə uşaqdan uğurlu gələcək, uğurlu karyera gözləyə bilmərik”.

Psixoloqlar da imtahana hazırlaşan yeniyetmələrin valideynlərinin üzərinə çox getməməyə, onları digər uşaqlarla müqayisə etməməyi tövsiyə edirlər. Çünki bu halda uşaqlar bildiklərini də stressdən unuda bilərlər.

Fidan Canbabazadə, psixoloq

Psixoloq Fidan CanbabazadəBakıvaxtı.az-a açıqlamasında deyib ki, imtahan öncəsi güclü stress abituriyentlərin psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərir.

Ekspert vurğulayıb ki, bu hal uzunmüddətli gərginliyə, emosional tükənməyə, yaddaşın zəifləməsinə və diqqətin dağılmasına səbəb ola bilər:

“Stress imtahan nəticələrinə çox zaman sərt təsir göstərə bilir. Stressin durumundan asılı olaraq, yəni yüngül həyəcan keçirmək, əllərin tərləməsindən tutmuş, daha ciddi fəsadlara yol aça bilər. Bunun nəticəsində uşaqlar ani surətdə özlərini itirirlər. Hətta imtahan suallarının cavablarını yazarkən kodlaşdırmada tələsib səhvlərə də yol verə bilirlər. Ona görə də stessin idarə olunması çox önəmli məqamdır ki, bu məqam imtahan nəticələrinə təsir göstərməsin”.

“Yaxşı olar ki, imtahan ərəfəsində uşaqlara istirahət verilsin, çox oxumasınlar, onlara təzyiq göstərilməsin, gərginlikdən uzaq olsunlar. Həmçinin, yuxu rejiminə və qidalara ciddi diqqət yetirsinlər. Bunun nəticəsində imtahan öncəsi stress müəyyən dərəcədə azala bilər”,- Fidan Canbabazadə əlavə edib.

Ruhiyyə Rüstəmova, psixoloq

Psixoloq Ruhiyyə Rüstəmova da qeyd edib ki, abituriyentin özünün psixoloji cəhətdən təşviş pozuntusu ola, uşaq özü depressiv, panik-atak ola bilər.

Ekspertə görə, məhz bütün səbəbdən valideynlər uşaqlarının psixoloji durumlarını bilməli və daha çox dəstək olmalıdır:

“Hər zaman “oxu, oxu” dediyimiz yeniyetmələr, abituryentlər birmənalı təzyiq altında olurlar. İmtahan dönəmində təzyiq və qorxu altında bildiklərini də yaddan çıxara bilir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR