• Bakı 32° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

"Quyruqdogdu", yoxsa "Quyruqdondu"? - Xalq təqvimin gizli işarəsi

CƏMİYYƏT

08 Avqust 2026 | 13:17

Quyruqdogdu, yoxsa Quyruqdondu? - Xalq təqvimin gizli işarəsi

Təbiətin özünəməxsus dili və nizamı var. Müasir texnologiyaların və dəqiq meteomüşahidələrin olmadığı dövrlərdə əcdadlarımız fəsillərin dəyişməsini, hava şəraitinin hava axınlarına təsirini Mərkəzi Asiyadan tutmuş Yaxın Şərqə qədər geniş bir coğrafiyada göy cisimlərinin hərəkəti ilə müəyyən edirdilər. Əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan xalq təqvimi məhz bu cür müşahidələrin, təbiət hadisələri ilə insan həyatı arasındakı qırılmaz bağın təcəssümüdür.

Azərbaycan xalqının zəngin etnoqrafik irsində avqust ayının ilk günlərinə təsadüf edən mövsümi dəyişikliklər xüsusi mərhələ hesab olunur. Təsərrüfat həyatında, yaylaq-qışlaq köçündə və məişətdə mühüm orientir rolu oynayan bu dövr xalq arasında yay yarılan, istilərin kəsəri qırılan zaman kəsiyi kimi xarakterizə edilir.

Lakin bu təbiət fenomeninin adlandırılması ilə bağlı həm şifahi nitqdə, həm də gündəlik söhbətlərdə tez-tez rast gəlinən bir dil və məzmun çaşqınlığı diqqəti çəkir: "Quyruqdoğdu", yoxsa "Quyruqdondu"?

Bu sualın cavabı yalnız dilçilik və etimologiya baxımından deyil, həm də xalq astronomiyası və qədim təqvim mədəniyyətimizin dərinliklərini anlamaq baxımından böyük maraq kəsb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun əməkdaşı İlhamə Qəsəbova deyib ki, "quyruqdondu" ifadəsi Azərbaycan xalq təqvimində yayın yarıdan keçdiyini bildirən təqvim anlayışıdır. 

Onun sözlərinə görə, bu təqvim əsasən avqustun 5-6 tarixlərinə təsadüf edir: 

"Amma bəzi hallarda 15 avqust tarixinə də təsadüf edir. Bu tarixdən sonra havaların sərinləşməsi, gecələrin uzanması, yaylaq mövsümünün başa çatması baş verir. Heyvandarlıqla məşğul olan insanlar bu təqvimi daha çox izləyirdilər. Məsələ ondadır ki, "quyruqdoğdu" ifadəsinin izahına xalq arasında ikitərəfli yanaşma var. Astronomik izahda quyruq, qədim xalq adlandırılmasında ulduzlarla əlaqələndirilir. Yəni həmin "quyruq ulduzu" görünərsə, yayın ikinci yarısının başlanğıcı kimi qəbul olunur. Etimoloji mənbələrdə quyruğun üıkər ulduzunun qədim adlarından biri olduğu deyilir. Bu mənada ülkər ulduzunu görərlərsə, deməli havalar "sındı". Bu təqvimə maldarlıqla məşğul olanlar daha çox üz tuturlar".

İlhamə Qəsəbova: Burada xalqımızın əsrlərlə apardığı müşahidələrindən və yay fəslindən söhbət gedir

Filoloq əlavə edin ki, Qərb bölgəsində, Qarabağda bu ifadə "quyruqdondu" adlanır:

"Sərin havada kəsilmiş heyvanın əridilmiş quyruğunun yenidən donması anlamına gəlir. O zaman soyuducu olmadığına görə kəsilmiş heyvanın ətini çöldə ağacdan asardılar. Çöldə hava sərin olanda həmin quyruq donurdu. Dilimizin lüğət tərkibində isə bu ifadə "quyruqdoğdu" kimi tələffüz olunur. Əslində folklor mətnlərində də ifadə məhz bu cürdür".

Dediyinə görə, amma hər iki ifadə folklorda işlək sözlərdir. Burada xalqımızın əsrlərlə apardığı müşahidələrindən və yay fəslindən söhbət gedir:

"İnsanlar keçmiş dövrdə təqvimi rəqəmlərlə deyil, göy cisimləri, hava hadisələri, heyvanların davranışları, bitkilərin dəyişməsi ilə müəyyənləşdirə bilirdilər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026