• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tələbələr Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunacaqmı?

CƏMİYYƏT

31 Avqust 2023 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

Tələbələr Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunacaqmı?

“Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə deputat Aqil Abbas Milli Məclisin iclaslarının birində çıxış edib. Bu təklifin səslənməsindən ötən 2 il ərzində hansısa universitet Qarabağa göndərmək üçün tələbə inşaat dəstələri formalaşdırıbmı?

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbə müdiri Elnarə Məmmədova Bakıvaxtı.az-a deyib ki, hazırda belə bir məsələ olmasa da, gələcəkdə tələbələr işğaldan azad edilmiş ərazilərə göndərilə bilər. "Tələbələr hazırda işğaldan azad edilmiş ərazilərdə təcrübə keçmirlər. Çünki, orada istehsal müəssisələrinin məhdudluğu da nəzərə alınmalıdır. Bundan vaşqa, orada tələbə təcrübə keçərsə, onların yaşamaq şəraitləri də təmin olunmalıdır. Ona görə də hazırda həmin ərazilərdə təcrübə keçirilmir. Lakin, gələcəkdə ola bilər ki, nəzərdə tutulsun. Həmin ərazilərdə hər şey qaydasına düşdükdən sonra təcrübələr də keçirilə bilər".

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı Bakıvaxtı.az-a bildirib ki, ADU-da yaxın illərə qədər qaçqın məktəblərinə yönəlik böyük bir layihə həyata keçirilib. Qaçqın və məcburi köçkün məktəblərində ADU tələbələrinin praktikası təşkil edilib. Onlar Cocuq Mərcanlı, Ağdam və digər məktəblərində praktika keçirdilər və bu ənənə uzun illər bizim universitetdə davam etdirilib.

Onun sözlərinə görə, tələbələr Şuşada keçirilən beynəlxalq forumumlarda könüllü kimi iştirak ediblər.

"Gələcəkdə müəyyən normativlər çərçivəsində, qanunlara uyğun olaraq tələbələrin təcrübə keçməsi Qarabağda ola bilər. Bu zaman da tələbələrimiz yaxından iştirak edəcəklər",-deyə C.Zeynallı vurğulayıb.

"Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri artıq işğaldan azad olunmuş ərazilərdə təcrübəyə cəlb olunublar".

Bu sözləri isə Bakıvaxtı.az-a AzMİU-nun mətbuat katibi Nicat Abdullayev deyib. Onu sözlərinə görə, tələbələr təcrübəyə, məzunlar isə işlə əlaqədar Qarabağda səfərdə olublar:

"Universitetimizin Qarabağ iqtisadi rayonunda bərpa-tikinti, quruculuq və idarəetmə publik hüquqi şəxsi və Şərqi Zəngəzur bərpa-tikinti idarəetmə publik hüquqi şəxsləri ilə müqaviləsi var. Anlaşma əsasında o qurumlar tərəfindən universitetin tələbələri təcrübəyə cəlb olunurlar. Məzunlarımız da həmin ərazilərdə qurumlara bağlı şirkətlərdə işə cəlb olunublar”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən Taleh Mirzəyev Bakıvaxtı.az-a deyib ki, hazırda ADPU da Qarabağa böyük qayıdışın tam başa çatmasını və bölgədə təhsil sisteminin fəaliyyətini bərpa etməsini səbirsizliklə gözləyir: “Təbii ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında təhsil müəssisələri fəaliyyətini bərpa edəndən sonra ADPU da burada təhsilin inkişafında verə biləcəyi dəstəyi göstərmək, tələbələr üçün təcrübə proqramları təşkil etmək niyyətindədir".

Onun sözlərinə əsasən, hazırda yalnız Ağalı kənd məktəbi tam fəaliyyət göstərir ki, orada da bölgədəki xüsusi giriş-çıxış rejimi və s. nəzərə alınaraq ötən tədris ilində təcrübələrin təşkili ilə bağlı addım atılmayıb:
"Ümumilikdə, ADPU bu ildən başlayaraq tələbələrin regionlarda pedaqoji təcrübə keçməsini nəzərdə tutan pedaqoji internaturanın tətbiqinə start verir. Ümid edirik ki, gələcəkdə Azərbaycanın bir çox dilbər guşələrində, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda da tələbələrimiz pedaqoji internatura keçəcəklər".

Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədovun Bakıvaxtı.az-a dediyinə görə, Universitetin əcnəbi tələbələri işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş bir sıra səfər proqramlarında iştirak ediblər. Onun sözlərinə görə, "Şuşa İli" çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Discovering Shusha with International Students in Azerbaijan" layihəsi çərçivəsində Erasmus Tələbə Şəbəkəsi Azərbaycan “Shusha Cultural Night” adlı tədbir təşkil olunub və Qərbi Kaspi Universitetində təhsil alan əcnəbi tələblər də tədbirdə iştirak ediblər:

"Tədbirdə həmçinin “Şuşa-Azərbaycanın Mədəniyyət Paytaxtı” mövzusunda inşa müsabiqəsinin qalibləri elan olunub. Universitetimizin doktorantura pilləsinin "Beynəlxalq münasibətlər" ixtisasında təhsil alan Tomilayo Oyebola Mubarak Aroyehun inşa musabiqəsinin qalibi seçilib. Eyni zamanda tələbələrimiz Şuşa-Xankəndi yolunda keçirilən eko-aksiyada da fəal iştirak ediblər".

Mətbuat katibi bildirib ki, tələbələr Qarabağ və Şərqi Zəngəzura səfərləri bu xarakterdə olub: "Məlum olduğu kimi, hazırda azad olunmuş torpaqlarımızda mina təhlükəsi var və buna görə də ora müstəqil şəkildə səfərlərin təşkilinə icazə verilmir. Təbii ki, ərazilərimiz minalardan tam təmizləndikdən sonra gələcəkdə elmi tədqiqat və praktikayönümlü səfərlərin təşkili də mümkündür. Bu, universitetimizin tədqiqatyönümlü universitetə çevrilmək və hazırkı praktik bacarıqların, biliklərin əldə olunması konspesiyası ilə də uzlaşır".

Məsələ ilə bağlı təhsil eksperti Elvin Bədirli də Bakıvaxtı.az-a danışıb. Ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşlarının istənilən səbəbdən işğaldan xilas edilmiş torpaqlarımıza səfərlərinin təşkil edilməsi dövlətçilik baxımından mənafelərimizə tamam uyğun gəlir. Xüsusilə də tələbələrimizin istənilən məqsədlə göndərilməsi bizim üçün əlverişlidir.

Müsahibimiz bildirib ki, Azərbaycanın gələcəyini müəyyən edən əsas sosial təbəqə məhz təhsilli, intellektual və milli mənafeli gənclərimizdir. Onların işğaldan azad edilmiş ərazilərimizə təcrübə məqsədi ilə göndərilməsi, onların müəyyən və müxtəlif işlərə cəlb edilməsi həm onların bilik və bacarıqlarının daha keyfiyyətli formada təşəkkül tapmasına kömək edəcək, həm də onların qan bahasına alınmış torpaqlarımızın və onu azad edərkən şəhid olan qardaşlarımızın ruhu qarşısında öhədliklərini, məsuliyyətlərini daha yaxından dərk etməsinə şərait yaradacaq: "Doğma torpaqlarımızın yenidən qurulması və həyatın canlanması üçün bizə bəlkə də 2 beşillik müddət də kifayət etməyəcək. Çünki düşmən az qala bir çox yerdə bütün infrastrukturu məhv edib. Nəticədə bugünün tələbələri məhz təcrübə keçdiyi yerlərdə sonrakı iş imkanlarından faydalana və quruculuq işlərində yaxından iştirak edə biləcəklər. Sadəcə önəmli olan odur ki, təhlükəsizlik baxımından bütün tələblərə əməl edilsin, nəzərə almaq lazımdır ki, bir çox yerlər hələ də minalardan təmizlənə bilməyib".

Ekspert hesab edir ki, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtması hər il daha da kütləviləşəcək, o zaman bugünün tələbələrinə qurub yaratma işlərində ehtiyac duyulacaq.

“Əminəm ki, onlar nəinki təcrübə qazanacaq, eyni zamanda həm prosesdə aktiv iştirak edəcək, həm də gələcək həyatlarını da məhz bu torpaqlarda qurmağı da planlaşdıra biləcək",-deyə Elvin Bədirli qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026