"Yeni sürətli silahlanmaya start verilib, bundan sonra ABŞ Rusiya və Çinlə qarşıdurmaya hazırlaşmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ABŞ-nin "The Wall Street Journal" (WSJ) nəşrində yer alıb.
"Rusiya ilə ABŞ-nin "START-III" kimi müddəti fevralda başa çatan silahlara nəzarət üzrə bəzi məhdudiyyətlərə hələ də riayət etdikləri bir vaxtda, bu sahədə heç bir öhdəliyi olmayan Çin sakit, lakin sürətlə önə çıxır. ABŞ-nin hesablamalarına görə, 2030-cu illərin ortalarında ÇXR yerləşdirilmiş nüvə başlıqlarının sayına görə ABŞ ilə təqribən eyni səviyyədə olacaq.
Moskva və Pekin arasında münasibətlərin möhkəmlənməsi artıq ABŞ və onun Avropa və Asiyadakı müttəfiqləri üçün strateji qeyri-müəyyənliyin görünməmiş səviyyəsini yaradıb", - nəşr yazır.
Atlantik Şurasının Skoukroft Mərkəzinin direktoru və Hərbi Nazirliyin keçmiş əməkdaşı Mətyu Kröniq qəzetə açıqlamasında deyib ki, indi dünya nüvə cəbbəxanalarını azaltmağa deyil, artırmağa doğru irəliləyir və 1990-cı və 2000-ci illərə deyil, daha çox soyuq müharibəyə bənzəyən üçüncü nüvə dövrünə daxil olur.
Digər ekspertlər bildiriblər ki, ABŞ yeni təhdidlərə yavaş reaksiya göstərib və onun bütün nüvə modernizasiyası proqramı ölkənin Rusiya ilə silahları azaltmağa davam edəcəyi, Çinlə Şimali Koreyanın ABŞ-nin mövqeyinə heç bir təhdid törətmədiyi inancına əsaslanıb, lakin zaman bu fikrin yanlış olduğunu göstərib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Hərb Nazirliyinə dərhal nüvə sınaqlarına başlamağı tapşırıb və qərarını digər nüvə dövlətlərinin fəaliyyətləri ilə izah edib.
Bakı 



