ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.
Trampın sözlərinə görə, o, Putinlə danışanda sanki hər şeyin yaxşı bitəcəyi təəssüratı yaranır. Lakin danışıq bitəndən sonra Putin tamamilə əks addımlar atır.
Maraqlıdır ki, Putin 50 gün içində atəşkəsə razı olacaqmı? ABŞ-nin sərt sanksiyaları Rusiyaya necə təsir edə bilər?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiyaya qarşı kifayət qədər ciddi təzyiq kartları var. Bura iqtisadi sanksiyalarla yanaşı, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və ağır silahların verilməsi daxildir.
Müsahibimizə görə, Tramp Rusiya ilə diplomatik kanalları açıq tutmağa çalışır və hesab edir ki, ABŞ-nin maraqları Rusiya ilə münasibətlərin normallaşdırılmasını tələb edir. Hətta bundan öncəki dönəmdə Tramp Baydenin siyasətini tənqid edərək bildirmişdi ki, Rusiya ilə müharibənin başlaması ABŞ-nin maraqlarına zərbə vurub:
“Çünki qarşıdurma nəticəsində ABŞ-yə qarşı Çin, Rusiya və Şimali Koreya İttifaqı yarandı. Trampa görə, bu, məhz Bayden siyasətinin nəticəsidir. Ona görə də Tramp hakimiyyətə gələndən sonra Ukraynaya təzyiq etdi və ABŞ-nin maraqlarını özündə ehtiva edən faydalı qazıntılarla bağlı sazişin imzalanmasına nail oldu. Eyni zamanda Rusiya ilə loyal münasibət sərgilədi. Lakin Trampın yürütdüyü siyasətin nəticəsi olaraq, son Rusiya atəşkəslə bağlı daha maksimalist mövqe sərgiləməyə başladı. Bu isə ABŞ-nin maraqlarına cavab vermir".
Əli Zülfüqaroğlu: Tramp Rusiya ilə diplomatik kanalları açıq tutmağa çalışır və hesab edir ki...
Ə.Zülfüqaroğlunun fikrincə, Tramp hazırda gözləmə mövqeyindədir və cəbhədəki vəziyyətin hansı istiqamətdə inkişaf etməsi onun qərarlarına birbaşa təsir edəcək.
"Ukrayna savaşda ciddi dönüş nöqtəsi əldə edərsə, bu zaman Trampın Rusiyaya qarşı təzyiq imkanları daha effektiv ola bilər. Rusiya Ukrayna münaqişəsində ciddi irəliləyiş əldə edərsə, Trampın Kiyevə və müharibənin davam etməsində maraqlı olan Avropa İttifaqına qarşı təzyiqi artırmasını görə bilərik. Ona görə də cəbhədəki vəziyyət Trampın qərarında həlledici olacaq. Məhz buna görə Avropa İttifaqı Ukraynaya silah dəstəyi verməyə davam edir və eyni zamanda Ukrayna cəbhədə müəyyən nəticələr əldə etməyə çalışır. Zelenskinin silah yardımı ilə bağlı açıqlamaları da buna hesablanıb. Rusiya baş verənlərdən narahatdır və Kiyevə hücumu artırmaqla, daha çox ərazi işğal etməyə və sülh masasında üstün mövqeyə sahib olmağa çalışır" - siyasi şərhçi qeyd edib.
Həmsöhbətimizin fikrincə, 50 günlük müddət Trampın verəcəyi qərarla bağlı əsas yaradacaq. İstənilən halda ABŞ Rusiyanın strateji məğlubiyyətə uğramasında maraqlı deyil. ABŞ-yə zəif Rusiya lazımdır.
Gülşən Şərif