• Bakı 16° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Trampın “Bleyer planı” Qəzzada yeni qarşıdurma dalğası yaradır

SİYASƏT

24 Oktyabr 2025 | 16:30

Trampın “Bleyer planı” Qəzzada yeni qarşıdurma dalğası yaradır

ABŞ Prezidenti Donald Trampın Qəzzada yaradılması planlaşdırılan idarəetmə komitəsinə keçmiş Britaniya baş naziri Toni Bleyeri rəhbər təyin etmək istəyi Yaxın Şərqdə yeni diplomatik gərginlik yaradıb.

Bu addım ilk baxışdan Qəzzada sabitliyi bərpa etmək və beynəlxalq səviyyədə koordinasiyanı gücləndirmək məqsədi daşısa da, əslində bölgədəki siyasi balansı ciddi şəkildə sarsıda bilər. Türkiyə, Misir və Qətər kimi regional güclər bu təyinata qarşı çıxır, çünki Bleyerin adı müsəlman dünyasında etimad yox, daha çox inamsızlıq və qəzəblə assosiasiya olunur.

Bu inamsızlığın kökləri onun 2003-cü ildə ABŞ-nin rəhbərliyi altında həyata keçirilən İraq müharibəsində oynadığı rola gedib çıxır. O dövrdə Bleyer “demokratiya ixracı” adı altında aparılan hərbi əməliyyatların əsas siyasi memarlarından biri kimi çıxış etmiş, nəticədə minlərlə mülki vətəndaşın həlak olmasına, regionda uzunmüddətli sabitsizliyin yaranmasına görə kəskin tənqid olunmuşdu. Müsəlman ölkələrində onun adı bu gün də Qərbin ikili standartlarının simvolu kimi qəbul edilir.

Bleyerin Qəzzada rəhbərlik etməsi ideyası həm də siyasi baxımdan simvolik bir səhv kimi dəyərləndirilir. Fələstin məsələsində əvvəllər vasitəçi qismində çıxış edən Bleyer, tərəfsiz mövqe göstərə bilmədiyi üçün o dövrdə də uğursuz sayılmışdı. İndi isə onun adı Qəzzanın “yenidənqurulması” planlarında hallananda bu, yerli əhalidə yeni bir “xaricdən idarə olunan proses” təəssüratı yaradır. Türkiyə, Misir və Qətər üçün isə bu, regional suverenliyə hörmətsizlik kimi görünür. Bu dövlətlər illərdir Fələstin məsələsində vasitəçilik missiyası daşıyır, dolayısı ilə qərarın onlardan kənarda verilməsi həm diplomatik, həm də siyasi baxımdan qəbulolunmaz sayılır.

Trampın qarşısında seçim aydın görünür: ya bölgədəki əsas müsəlman ölkələrinin etirazını nəzərə alacaq, ya da Qəzzada sabitliyi bir şəxsin reputasiyasına qurban verəcək. Əgər o, bu etirazları qulaqardına vursa, ABŞ-nin Yaxın Şərqdəki nüfuzu və tərəfsizlik imici bir daha ciddi zərbə alacaq. Qəzzada sabitlik, beynəlxalq nəzarət və humanitar bərpa prosesi yalnız regional etimadla mümkündür. Bu etimadı isə Toni Bleyer kimi bir fiqurun rəhbərliyi ilə bərpa etmək, ən yaxşı halda, qeyri-real, ən pis halda isə təhlükəlidir. ABŞ üçün belə bir qərar qısamüddətli idarəetmə deyil, uzunmüddətli etimad böhranı yarada bilər.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR