Son illərdə ABŞ-Avropa münasibətlərində gərginliyin artması müşahidə olunur. Xüsusilə, ABŞ tərəfindən bir sıra Avropa ictimai fiquruna viza sanksiyalarının tətbiqi həm diplomatik, həm də siyasi səviyyədə münasibətləri gərginləşdirir.
Bu addımlar transatlantik əlaqələrdə qarşılıqlı etimadsızlığı artırmaqla yanaşı, Avropa dövlətlərinin strateji müstəqillik axtarışını da sürətləndirir. Proseslər ABŞ-Avropa münasibətlərində yaranan gərginlik transatlantik alyansın gələcəyinə və NATO daxilində vahid strateji mövqenin qorunmasına əhəmiyyətli təsir göstərə bilər.
Transatlantik münasibətlərdəki böhran yalnız diplomatik əlaqələrə deyil, həm də kollektiv təhlükəsizlik strukturlarının funksionallığına və alyans daxilində potensial parçalanma riskinə işarə edir.
ABŞ-Avropa münasibətlərində yaranan gərginlik transatlantik alyansın gələcəyinə necə təsir göstərə bilər və bu, NATO daxilində parçalanma riskini artırırmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, ABŞ-Avropa münasibətlərindəki son dövrlərdə müşahidə olunan parçalanma, əsasən, Donald Tramp administrasiyasının siyasətləri ilə bağlıdır:
"Trampın birinci prezidentliyi dövründə də eyni strateji kurs aparılıb, indi isə “səlib müharibəsi” kontekstində yeni addımlar atılmaqdadır. Xüsusilə, ABŞ-nin Avropadakı qoşunlarını geri çəkilməsi prosesi Avropa dövlətlərinin təhlükəsizlik məsələlərində daha müstəqil mövqe tutmasına gətirib çıxarır. Bu baxımdan ABŞ Avropanı yalnız öz müdafiə sisteminin bir elementi kimi qəbul etmir".
Onun sözlərinə görə, bunun nəticəsi olaraq, Avropa İttifaqı öz hərbi sənaye kompleksini gücləndirmək və müstəqil müdafiə qabiliyyətini inkişaf etdirmək üçün əhəmiyyətli investisiyalar cəlb edir:
"Bu prosesdə Ukrayna strateji bir qalaya çevrilir və Rusiya kimi qüvvələrin təsirinə qarşı dayanıqlı mövqe tutmağa imkan yaradır. Avropada artıq bir sıra siyasi dairələr arasında belə bir əminlik mövcuddur ki, Tramp administrasiyası dövründə Avropa İttifaqı öz geosiyasi maraqlarını ABŞ-nin tələblərinə qurban vermək məcburiyyətində deyil".

Natiq Miri: ABŞ artıq Rusiyanı açıq düşmən kimi görmür, əsas diqqət Çinin təhdidinə yönəldilir
Həmsöhbətimiz bildirib ki, ABŞ milli strateji sənədində edilən yeni dəyişikliklərdə də Avropanın mövqeyini məhdudlaşdıran və Rusiya maraqlarına uyğun bəndlər yer alır:
"Beləliklə, ABŞ artıq Rusiyanı açıq düşmən kimi görmür, əsas diqqət Çinin təhdidinə yönəldilir və Sakit Okean hövzəsində strateji transformasiya müşahidə olunur. ABŞ-ın milli təhlükəsizlik konsepsiyasının bu istiqaməti Avropa Birliyi tərəfindən yaxından izlənilir və qiymətləndirilir".
Politoloq onu da əlavə edib ki, buna cavab olaraq, Avropanın bir sıra məmurları ABŞ sanksiyalarına məruz qalır və nəticədə Avropa ilə ABŞ arasında müəyyən mənada distansiyalaşma prosesi baş verir.
"ABŞ-nin bu siyasəti həmçinin Rusiyanın geosiyasi maraqlarına uyğun gəlir. Hazırkı şəraitdə ABŞ rəqibləri qarşısında dayanıqlı mövqe saxlamaq üçün müttəfiqlərinə ehtiyac duyur, bu isə avroatlantik fəlsəfənin sarsılmasına və NATO-nun funksionallığının azalmasına gətirib çıxarır. Nəticədə, Rusiya NATO dövlətlərinə qarşı açıq şəkildə strategiyasını davam etdirir",- Natiq Miri fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 




