Berlin Xarici Siyasət Forumunda iştirak etmək üçün Almaniyada səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə Azərbaycanın Almaniyadakı səfirliyində görüş keçirilib. Görüşdə Türk dövlətlərinin Almaniyadakı səfirləri də iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı TDT-nin fəaliyyəti, həyata keçirilən layihələr və TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə müəyyən edilmiş hədəflərin icrası, səfirliklər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, ortaq türk tarixi və mədəni irsinin Almaniyada tanıdılması istiqamətində planlaşdırılan tədbirlər, mədəniyyət və incəsənət sahəsində birgə fəaliyyət və layihələr, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında bildirib ki, Türk dünyası hazırda inkişaf və birlik baxımından yeni mərhələyə qədəm qoyub. Səfir vurğulayıb ki, türk dövlətləri arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin möhkəmlənməsinə və qardaş xalqlar arasında birliyin güclənməsinə xidmət edir.
AZƏRTAC
Bakı 




