Dünya siyasəti yalnız açıq görünən hadisələrdən ibarət deyil. Hər qərar, hər açıqlama və hər hərbi manevr arxasında görünməyən maraqlar, strateji hesablamalar və iqtisadi-demosqrafik planlar dayanır. Xüsusilə Ukrayna böhranı bu nümunənin bariz göstəricisidir.
Mediada və ekspert rəylərində Ukraynanın resurslarının tükəndiyi, dəstəyin azalacağı və ölkənin gələcəyinin qaranlıq olduğu iddiaları səsləndirilir. Lakin faktlar tamamilə fərqli mənzərə yaradır: gözlənilməz şəkildə yeni hərbi yardımlar, büdcə və resurslar ortaya çıxır, Avropa ölkələri dəstəyini artırır və bir sıra strateji maraqlar açıq şəkildə görünməyə başlayır.
Böhran yalnız Ukrayna üçün deyil, həm də Avropa və Qərb üçün kompleks bir test meydanına çevrilib. Burada iqtisadi maraqlar, hərbi güc balansı və demoqrafik siyasət bir-birinə qarışaraq hadisələrin gedişatını müəyyən edir. Avropa ölkələri üçün bu böhran həm siyasi, həm iqtisadi, həm də sosial bir fürsət kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən rus politoloq Anton Bredixin bildirib ki, hazırda hansı resursların tükəndiyi onun üçün açıq deyil:
"Hər kəs deyir ki, Ukraynada hər şey bitmək üzrədir, ölkə dəstəksiz qalıb və gələcək qaranlıq görünür. Amma reallıq fərqlidir: birdən-birə yeni və yeni Avropa dövlətləri, özləri üçün də gözləmədikləri halda, Ukraynaya hərbi yardımların təmin olunacağını bəyan edir, büdcələr ayırırlar. Xüsusilə Norveçin son açıqlaması diqqətçəkəndir".
O bildirib ki, Avropa ölkələri “artıq heç nə olmayacaq” mesajını versə də, digər tərəfdən gözlənilməz resurslar ortaya çıxır:
"Rusiya Federasiyası isə əksinə, hərbi iqtisadiyyatını yenidən qurmağı bacarıb və öz xüsusi hərbi əməliyyatının bütün ehtiyaclarını uğurla təmin edir. Bu da göstərir ki, hər iki tərəf üçün resurslar tamamilə tükənmiş sayılmır".

Anton Bredixin: Qərb cəmiyyəti böyük bir yenidənqurma mərhələsindən keçir
Bredixin sözlərinə görə, Amerika Ukraynanı dəstəkləməyə davam edir və dəstək alətlərini yenidən tənzimləyərək həm ABŞ, həm də Avropa əhalisinin reaksiyasını minimalizə etməyə çalışır:
"Qərbdə kiminsə ‘yorulduğunu’ demək yanlışdır. Əslində, Qərb cəmiyyəti böyük bir yenidənqurma mərhələsindən keçir. Ukrayna böhranı Avropa üçün bir növ xilasdır və milli baxımdan da əhəmiyyətlidir. Əvvəllər Avropada çoxmədəniyyətlilik siyasəti çərçivəsində yerli əhalinin azalması müşahidə edilirdisə, indi Ukrayna qaçqınları yeni demoqrafik strukturu formalaşdırır. Bu proses Avropa hökumətləri üçün həm sərfəli, həm də zəruridir, çünki eyni zamanda əhali təbii şəkildə qocalır və azalır".
Sonda Bredixin diqqətə çatdırıb ki, Qərbin marağı konflikti uzatmaq və davam etdirməkdədir. Onlar üçün bu proses həm iqtisadi, həm hərbi, həm də demoqrafik baxımdan əlverişlidir.
Əli Hüseynov
Bakı 



