• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Ukraynanın NATO-ya üzvlüyü ciddi əngəl törədə bilər: Mövcud vəziyyətdə Rusiya...

DÜNYA

23 Yanvar 2025 | 16:14

Ukraynanın NATO-ya üzvlüyü ciddi əngəl törədə bilər: Mövcud vəziyyətdə Rusiya...

Hazırda ABŞ, Almaniya, Slovakiya və Macarıstan Ukraynanın NATO-da üzvlüyünü dəstəkləməyən ölkələrdəndir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukrayna prezident Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasının əleyhdarları Rusiya ilə əvvəlki bəzi razılaşmalara müraciət edirlər Zelenski ABŞ prezidenti Donald Trampın bu qərara qarşı çıxanlara təsir edə biləcəyini açıqlayıb.

Maraqlıdır ki, Ukrayna NATO üzvü ola biləcəkmi?

Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, NATO-ya üzv qəbul olunmaq üçün 32 NATO üzvünün bütövlükdə konsensusla qərar verməsi vacibdir. Hazırda bu konsensus mövcud deyil.

Deputat qeyd edib ki, Bayden adminstrasiyası Ukraynaya nə qədər dəstək versə də, adminstrasiyasının rəsmiləri bir neçə dəfə Ukraynanın hazırkı dönəmdə NATO-ya qəbul edilməsinin mümkünsüzlüyünü açıq şəkildə bildiriblər. Eyni zamanda Almaniya kansleri Olaf Şolts xüsusilə qeyd edib ki, ərazisində müharibə gedən ölkənin NATO-ya qəbulu yolverilməzdir. Bəzi siyasətçilər isə Ukraynanın çox sürətlə NATO-ya üzv qəbul edilməsinin tərəfdarıdırlar:

"NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, NATO-ya üzv olan ölkələrdən birinə hücum edilirsə, bu, bütövlükdə NATO ölkələrinin hər birinə hücumdur. Ona görə də hücuma məruz qalan ölkəyə NATO ölkələri yüksək səviyyədə dəstək göstərməlidir. NATO-ya üzv olan ölkələrin əksəriyyətinin Ukraynanın bu alyansa daxil olması ilə bağlı müsbət mövqedə olmasına baxmayaraq, bir neçə ölkə qəbulun mümkünsüzlüyü ilə bağlı mövqe sərgiləyir”.

Müsahibimizə görə, Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı öz narahatlığını ifadə edərək, konkret olaraq üzvlüyü dəstəkləməyən ölkələrin adlarını açıqlayıb:

“Ukraynanın NATO-ya üzv qəbul edilməsi məsələsində Rusiyanın birmənalı mövqeyi var. Rusiyanın NATO ölkələri arasında NATO sərhədlərinin genişləndirilməsinin mümkünsüzlüyü ilə bağlı bir razılaşma olub. Mövcud vəziyyətdə Rusiyanın Ukrayna qarşısındakı tələblərindən biri də Kiyevin NATO-ya üzv qəbul edilməməsidir. Nə vaxtsa danışıqlar masasına oturulacağı təqdirdə Rusiyanın bu tələbi masaya qoyulacaq".

Arzuxan Əlizadə: Ukraynanın NATO-ya üzv qəbul edilməsi məsələsində Rusiyanın birmənalı mövqeyi var

Müharibənin bitməyəcəyi təqdirdə Ukraynanın NATO-ya qəbul edilməsinin reallaşmayacağını vurğulayan Arzuxan Əlizadənin fikrincə, münaqişənin sonu üçün gec və ya tez Rusiya ilə danışıqlar masasına oturmaq lazım olacaq.

"Danışıqlar masasına oturmaq üçün Ukraynanın NATO-ya üzv qəbul edilməsi çox ciddi əngəl törədə bilər. Kiyev NATO-ya üzv olarsa, Rusiya-Ukrayna danışıqlarının baş tutması ehtimalı çox aşağı olacaq. Ən azından indiki məqamda tərəflər arasında razılaşmanın əldə olunması ehtimalı qüvvədədir. Rusiyanın sərhəd dövlətləri olan Finlandiya və İsveç uzun müddət ərzində alyansın üzvü deyildilər, amma Ukrayna münaqişəsi gedişində hər iki ölkə NATO-ya üzv qəbul edildi. Bu, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra həmin ölkələri müəyyən təhlükələrin gözləməsi ilə bağlı idi. Sözügedən ölkələr alyansa müraciət edərək, öz təhlükəsizliklərini təmin etdilər. Fakt budur ki, hazırda Ukrayna ərazisində müharibə gedir. Xüsusilə də dünya ölkələrinin bu müharibənin sonlandırılması əzmi fonunda münaqişənin gedişatı boyu Kiyev heç bir halda NATO üzvü olmayacaq", - deyə Arzuxan Əlizadə vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR