• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Ulu Öndər jurnalist əməyini daim yüksək qiymətləndirib - Əhməd İsmayılov

MEDİA

08 May 2023 | 10:16

Ulu Öndər jurnalist əməyini daim yüksək qiymətləndirib - Əhməd İsmayılov

Ulu Öndər istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib. Azərbaycan mətbuatı Ümummilli Liderin siyasi uzaqgörənliyindən irəli gələn dövlət maraqlarımızın qorunması, xalqımızın haqq səsinin dünyaya çatdırılması kimi əhəmiyyətli funksiyasını məsuliyyətlə yerinə yetirməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

O bildirib ki, Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla, dövlətçilik tariximizin canlı salnaməsini təşkil edib.

“Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi, azərbaycançılıq ideologiyasının daha da kütləviləşərək xalqın özünü dərkində mühüm faktora çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsinin təzahürüdür.

1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır. Onun siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdı. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsini göstərmək olar.Azərbaycanda senzuranın ləğvi ölkədə söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı”, - deyə Ə.İsmayılov vurğulayıb.

O qeyd edib ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

“Ulu Öndər jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. Onun 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub.
Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Azərbaycan Respublikası Prezidentinin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yenilənmə, informasiya cəmiyyətinə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.

Yeri gəlmişkən Heydər Əliyev ideyalarına söykənən azərbaycançılıq ideologiyasının təbliğində, milli-mədəni irsimizin dünyada tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ulu Öndərin adını daşıyan Fond onun irsini yüksək səviyyədə yaşadaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə töhfə vermək, qayğıya ehtiyacı olan vətəndaşlarımızı diqqətdə saxlamaqla mərhəmət və fədakarlığın ünvanına çevrildiyini dəfələrlə sübut edib”, - deyə Ə.İsmayılov vurğulayıb.

O əlavə edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb.

“44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Təsadüfi deyildir ki, dövlət başçısı cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb.

Cənab Prezidentin jurnalist əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırmış olur. Dövlətimizin başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, problemlərdən də bəhs edir, güclü ictimai nəzarətin olmasına diqqət çəkir.

Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, ifadə azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır, ictimai nəzarətin, ictimai rəyin, həmçinin ictimai qınağın rolunu daha da artırır.

Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması milli informasiya məkanında davamlı inkişafa nail olunmağın dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

Xatırlatmaq istərdik ki, MEDİA Agentliyinin vacib prioritetlərindən biri məhz dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir.

Yeri gəlmişkən xüsusi vurğulamaq istərdik ki, cənab Prezidentin imzaladığı “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizin milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyyətinin artırılmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirməsinə ciddi töhfədir.

Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük insanı həmişə qədirbilənliklə anacaqlar”, - deyə o bildirib.


SON XƏBƏRLƏR

24 Iyun 2024