Fevralın 16-dan Azərbaycanın bütün universitetlərində 2021/2022-ci tədris ilinin uaz semestri başlayacaq. Pandemiya qaydalarına uyğun olaraq, əksər universitetlərdə dərslər hibrid formada keçirilirdi. Bəs bu semestrdə dərslər hansı qaydada keçiriləcək? Mövzu ilə bağlı Bakıvaxtı.az universitetlər arasında sorğu keçirib.

Kəmalə Quliyeva
Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva Bakıvaxtı.az-a deyib ki, bu ali təhsil ocağında 2021/2022-ci tədris ilinin yaz semestri hibrid formada təşkil olunacaq: “Bu barədə BDU Elmi Şurasının növbəti iclasında qərar qəbul edilib”.
K.Quliyeva bildirib ki, Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz semestrinin də payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

Nəcibə Mirzəyeva
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın Bakıvaxtı.az-a dediyinə görə, dərslərin hansı formada keçiriləcəyi ilə bağlı dünən qərar verilib: “Dərslər ötən semesterdə olduğu kimi, hibrid formada keçiriləcək. Dərslərin 70%-i əyani, 30%-i isə onlayn formada keçiriləcək. Mühazirələr onlayn formada olacaq. Digər praktik, laboratoriya dərsləri və xüsusi istedad tələb edən fənlər əyani formada həyata keçiriləcək”.
N.Mirzəyeva onu da qeyd edib ki, universitetdə pandemiya şəraitinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin görülməsi ilə göstəriş verilib: “Tələbələrin sıx toplaşmasının qarşısını almaq, maskalardan istifadə etmək, binaya daxil olarkən onlardan vaksin pasportunun tələb edilməsi ilə bağlı göstərişlər verilib. Həmçinin, bütün korpuslarda tələbələrin istifadə etməsi üçün dezinfeksiyaedici məhlullar olan xüsusi qablar asılıb”.

Elnarə Məmmədova
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədovanın Bakıvaxtı.az-a dediyinə görə, UNEC-də yaz semestrində bakalavrların tədrisi hibrid formada - həftədə 2 gün onlayn, 3 gün oflayn, magistrların tədrisi isə ənənəvi qaydada təşkil olunacaq: “Fakültələr üzrə dərs cədvəlləri hazırlanaraq, tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar test üsulu ilə, magistraturada isə yazılı qaydada təşkil olunacaq. İmtahanlar akademik təqvimdə göstərilən tarixlərdə ara və yekun imtahanları formasında keçiriləcək”.

Vüsal Məmmədov
Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Bakıvaxtı.az-a deyib ki, Təhsil Nazirliyinin və ya Operativ Qərargahın təhsilin təşkili forması ilə bağlı göstərişi yoxdur: “Biz də universitet olaraq qərarları dövlətin qərarları çərçivəsində qəbul edirik təbii ki. Dərslərin hibrid formada təşkili nəzərdə tutulmur”.
Onun sözlərinə görə, Universitetin infrastrukturu, auditoriyaların ölçüsü, havalandırma sistemi və tələbə sayı sosial məsafəni təmin etməklə ənənəvi tədrisi davam etdirməyə imkan verir: “Koronavirusa yoluxmuş tələbə təbii ki, təcrid olunur və o, onlayn olaraq dərslərə qoşulur”.

Şəhanə Müşfiq
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin mətbuat katibi Şəhanə Müşfiq Bakıvaxtı.az-a ADMİU-da dərslərin ötən semestrdəki kimi təşkil ediləcəyini bildirib: “Heç bir dəyişiklik yoxdur, dərslər eyni qaydada davam edəcək. Çünki Təhsil Nazirliyinin əlavə tələbi yoxdur. Keçən il də nəzəri fənlərin mühazirəsi onlayn, seminarı isə ənənəvi üsul ilə keçirilirdi. Digər xüsusi qabiliyyət tələb edən dərslərin gedişi isə ənənəvi qaydada həyata keçirələcək”.
Aytac Aslan
















