Son bir həftədir ki, insanlar ürək bulanma və qusmadan şikayət edir. Onlar xəstə olmadıqlarını, yalnız qusduqlarını qeyd edirlər.
Tibb eksperti Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, ürək bulanma və qusma bəzi xəstəliklər üçün aparıcı simptomdur:
“Digər xəstəliklər də var ki, onlarda aparıcı simpom hesab olunmur. Ona görə, bunu ümumiləşdirib demək çətindir, hər bir xəstəlikdə ürək bulanma və qusmaya rast gəlinə bilər. Hazırda ən çox rast gəldiyimiz soyuqdəymə əlamətləridir. Viruslar orqanizmə o cür təsir göstərə bilirlər”.

Rasif Bağırov: İndiki ürək bulanma və qusmalar soyuqdəymə nəticəsində yaranır
Həkim qeyd edib ki, soyuqdəymə virusları hər bir insanda müəyyən orqanları zədələyir:
“Soyuqdəymə bəzən ağ ciyərin yuxarı, bəzən isə aşağı şöbələrini zədələyir”.
Onun sözlərinə görə, elə vaxt da olur ki, mədə, bağırsaq sistemində hansısa pozğunluq yaradır. Bu zaman ishal, diareya, ürək bulanma, qusma halları yaranır:
“Ona görə, son dövrlər rast gəlinən ürək bulanma və qusmalar soyuqdəymə nəticəsində yaranır”.
Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxrı.az-a açıqlamasında bildirib ki, ürək bulanma, qusma, baş ağrıları hansısa virus infeksiyası ilə bağlıdır:
“Bununla bağlı bir xəbərdarlıq da var idi. Hər halda hesab edirəm, yaxşı olar ki, rəsmi qurumlar bununla bağlı açıqlama versin. Həm rəsmi məlumat kimi, həm də əhalini sakitləşdirmək üçün məlumat vacibdir”.

Adil Qeybulla: Bu hallar, xüsusilə də qusma uşaqlar üçün təhlükəlidir
“Geniş yayılmış bu halları artıq biz də görürük” deyən müsahibimiz qeyd edib ki, xüsusilə də qusma halları uşaqlar üçün təhlükəlidi:
“Çünki uşaqların su tutumu azdır. Belə situasiyalarda uşaqlara “Regidron” və digər bərpaedici duz mayelərinin verilməsi ilə bağlı tövsiyələr çox vacibdir”.
Aytac Aslan
















