"Uşaqlarda günəşdən qoruyucu kremlərdən istifadəyə yalnız yayda deyil, digər fəsillərdə də diqqət yetirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, 6 aylığadək olan körpələr birbaşa günəş şüaları altında saxlanılmamalı, yalnız kölgəli yerlərdə olmalıdırlar. Həkim bildirib ki, bu yaş dövründə uşaqlar günəşin zərərli təsirlərindən xüsusi şəkildə qorunmalıdır.
Pediatr qeyd edib ki, 6 aydan yuxarı uşaqlarda isə günəşdən qoruyucu kremlərin istifadəsi tövsiyə olunur. Onun sözlərinə görə, seçilən məhsulun qoruma faktoru ən azı SPF 30, daha yaxşı halda isə SPF 50 olmalıdır.
G.İlyasova vurğulayıb ki, uşaqlar üçün nəzərdə tutulmuş kremlərin tərkibinə diqqətlə baxılmalı, paraben və spirt kimi maddələrdən uzaq durulmalıdır. Bu komponentlər uşağın həssas dərisində qıcıqlanma və digər arzuolunmaz təsirlərə səbəb ola bilər.
Həkim əlavə edib ki, günəşdən qoruyucu vasitələr açıq havaya çıxmazdan təxminən 15-20 dəqiqə əvvəl dəriyə çəkilməlidir. Uşaq suya girdikdən sonra və ya hər iki saatdan bir krem yenidən tətbiq edilməlidir ki, qoruyucu təsir davam etsin.
Aynur Babazadə
Bakı 



