“Uşaqların yalnız fiziki deyil, rəqəmsal mühitdə də təhlükəsizliyi təmin olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisdə müzakirə olunan qanun layihəsi ilə bağlı çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların rəqəmsal mühitdə qorunması məsələsinə münasibət bildirib.
Onun sözləırinə görə, müzakirə edilən qanun layihəsi gənc nəslin, xüsusilə uşaqların həm dövlət, həm də cəmiyyət tərəfindən yalnız fiziki deyil, həm də rəqəmsal mühitdə qorunmasını hədəfləyir. Sədrin sözlərinə görə, bu istiqamətdə atılan addımlar müasir dövrün çağırışlarına uyğunlaşdırılmalıdır.
Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması və müzakirəsi zamanı maraqlı tərəflərin, media nümayəndələrinin və ekspertlərin də iştirakı vacibdir. Bu, sənədin daha dolğun və effektiv olmasına şərait yaradır:
“Yalnız uşaqların deyil, valideynlərin də rəqəmsal bacarıqlarının artırılması istiqamətində tədbirlər görülməlidir. Rəqəmsal mühitin imkanlarını və risklərini düzgün dərk etmək həm uşaqlar, həm də böyüklər üçün vacibdir”.
Bahar Muradova qeyd edib ki, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün ailə və dövlət əməkdaşlığı gücləndirilməlidir.
Zeynəb Rzayeva
Bakı 



