• Bakı 19° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Uşaqlarımız azalır: Uşaqpulu məsələsi daha ciddi şəkildə gündəmə gələcək

CƏMİYYƏT

17 Sentyabr 2025 | 14:54

Uşaqlarımız azalır: Uşaqpulu məsələsi daha ciddi şəkildə gündəmə gələcək

Azərbaycanda son illər ərzində doğum göstəricilərində müşahidə olunan azalma artıq təhsil sisteminə də öz təsirini göstərməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, statistikaya əsasən, 2019-2020-ci tədris ilində birinci sinfə gedən şagirdlərin sayı 159 min 644 nəfər idisə, 2025-2026-cı tədris ilində bu rəqəm təxminən 130 minə düşüb. Yəni təxminən 30 minə yaxın azalma qeydə alınıb. Gələcək illərdə bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır.

Xüsusilə pandemiya dövründə nikah və toy mərasimlərinə qoyulan məhdudiyyətlər də doğum səviyyəsinə mənfi təsir edib. Bu baxımdan, 2027-2028 və 2029-2030-cu tədris illərində birinci sinfə gedən uşaqların sayında daha da ciddi azalma baş verə bilər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda uşaqların doğulmasında azalma tendensiyası təxminən 2016-cı ildən başlayıb və bu günə qədər ildən-ilə azalma müşahidə olunur. Onun sözlərinə görə, bu azalmanın artıma çevriləcəyi gözlənilmir.

Deputata görə, əsas səbəblərdən biri insanların bir və ya iki uşaq saxlamaq istəməsidir ki, bu isə yalnız Azərbaycana xas deyil, bütün dünyada müşahidə olunan bir tendensiyadır:

“Valideynlər daha az uşaqla kifayətlənərək onların təhsilinə, sağlamlığına və ümumi qayğısına daha çox diqqət yetirmək istəyirlər. Çox uşaq isə daha çox problem deməkdir”.

Razi Nurullayev: Uşaqpulu valideynlərə daha çox uşaq dünyaya gətirmək və onları saxlamaq üçün stimul olacaq

Müsahibimiz vurğulayıb ki, digər tərəfdən, ailələrin sosial vəziyyəti də bu qərarlara təsir edir. R.Nurullayev nəzərə çatdırıb ki, doğulan hər bir uşaq üçün dövlət tərəfindən xüsusi yardım nəzərdə tutulmur.

Deputat əlavə edib ki, təhsil formal olaraq pulsuzdur, səhiyyə xidmətlərinin bir hissəsi də belədir, amma uşaqpulu yalnız beş və daha çox övladı olan ailələrə verilir:

“Bütün bu yük qida, təhsil, səhiyyə və sosial xərclər valideynlərin üzərinə düşdüyü üçün ailələr bir və ya iki uşaqla kifayətlənməyə məcbur qalırlar”.

Həmsöhbətimizin dediyinə görə, bu tendensiya bütün dünyada davam edir və Azərbaycanda da bu prosesdən yan keçmədi:

“Əvvəllər xristian ölkələrində əhalinin artım tempi daha aşağı idi, müsəlman ölkələrində isə doğum göstəriciləri yüksək idi. Lakin artıq müsəlman ailələrində də doğum səviyyəsi azalır”.

Nurullayev hesab edir ki, əgər gələcəkdə bu azalma kritik həddə çatsa, böyük ehtimalla Azərbaycanda da bütün dünyada olduğu kimi uşaqpulu məsələsi daha ciddi şəkildə gündəmə gələcək:

“Bu, valideynlərə daha çox uşaq dünyaya gətirmək və onları saxlamaq üçün stimul olacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR