Bakıda məktəbli bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib. 11-ci sinif şagirdi M.S. və S.S. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.S. polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Demək olar, hər gün bu mövzuda xəbərlərə rast gəlirik.
Müasir dövrdə yeniyetmələr və gənclər arasında müşahidə olunan cinayət hadisələrinin artması, cəmiyyətin sosial-psixoloji strukturunda dərin problemlərin mövcudluğundan xəbər verir.
Bu hadisələr təkcə intizam pozuntusu və ya fərdi davranış problemi kimi deyil, həm də sosial institutların funksional böhranı kimi qiymətləndirilməlidir. Uşaqların və gənclərin formalaşmasında ənənəvi sosiallaşma mühitləri ilə yanaşı, yeni təsir gücünə malik institutlar mühüm rol oynayır.
Lakin bu mühitlərin çox vaxt sağlam və təhlükəsiz sosiallaşma şəraiti təmin etməməsi, aqressivlik, zorakılıq və davranış pozuntularının artmasına zəmin yaradır.
Bu səbəbdən problemin mahiyyəti təkcə təhsil sistemindəki nizam-intizamla məhdudlaşmır; məsələ kompleks şəkildə ailə tərbiyəsi, media siyasəti və dövlət nəzarət mexanizmləri səviyyəsində qiymətləndirilməlidir.
Kamran Əsədov: Uşaq günün 7-8 saatını məktəbdə, qalan vaxtını isə sosial şəbəkədə keçirir, ailə ilə ünsiyyət minimaldır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə baş verən bıçaqlanma hadisələrinin artması artıq təkcə intizam pozuntusu kimi deyil, sosial-psixoloji və idarəetmə böhranı kimi qiymətləndirilməlidir:
"Son aylarda ölkə üzrə bir neçə məktəbdə şagirdlər arasında fiziki toqquşmaların, bıçaqla xəsarət yetirmə hallarının qeydə alınması təhsil sistemində təhlükəsizlik mühitinin ciddi şəkildə zəiflədiyini göstərir. Bu, təkcə məktəb rəhbərliyinin yox, ailə, cəmiyyət və dövlət nəzarət sisteminin bütövlükdə funksional koordinasiyasının pozulması nəticəsidir. Rəsmi məlumatlara əsasən, son beş ildə yeniyetmələr arasında zorakılıq faktlarının sayı 40 faiz artıb. 2023-cü ildə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş 460-a yaxın cinayət hadisəsi qeydə alınıb, onların əhəmiyyətli hissəsi təhsil müəssisələrinin ətrafında və ya məktəbdaxili münaqişə zəminində baş verib".
Onun sözlərinə görə, bu göstəricilər məktəb mühitində təhlükəsizliyin yalnız formal qaydalarla deyil, psixososial yanaşmalarla idarə olunmasının vacibliyini bir daha təsdiqləyir:
“Təhsil haqqında” Qanunun 30-cu maddəsində açıq şəkildə göstərilir ki, dövlət təhsilalanların həyat və sağlamlığı üçün təhlükəsiz mühit yaratmaqla məsuldur. Həmçinin “Uşaq hüquqları haqqında” Qanunun 12-ci maddəsində uşağın fiziki zorakılıqdan qorunmaq hüququ təsbit olunur. Lakin praktikada bu hüquqların təmin olunması yalnız məktəbin və nazirliyin deyil, eyni zamanda ailələrin və cəmiyyətin birgə məsuliyyətinə çevrilməlidir. Təəssüf ki, hazırkı vəziyyətdə valideynlərin nəzarəti çox zəifdir. Uşaq evdən kəsici-deşici alətlə məktəbə gəlirsə, bu, birinci növbədə ailə nəzarətinin, psixoloji ünsiyyətin və dəyərlər sisteminin iflası deməkdir".
Müsahibimiz bildirib ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə son illərdə mühüm və düzgün addımlar atıb:
“Şagird davranış qaydaları”nın təsdiqi, məktəblərdə təhlükəsizlik standartlarının yenilənməsi və psixoloji xidmətlərin genişləndirilməsi müasir təhsil idarəçiliyinin sistemli yanaşmasının göstəricisidir. Nazirlik məktəbdaxili qaydaları normativ səviyyədə hüquqi çərçivəyə salmaqla məsuliyyət bölgüsünü aydınlaşdırıb. Artıq qaydalarda silah, bıçaq, kəsici alətlərin məktəb ərazisinə gətirilməsinin qadağan edilməsi, fiziki zorakılığın “intizam pozuntusu” deyil, “potensial hüquqpozmaya” bərabər sayılması normativ şəkildə qeyd olunub. Bu, çox müsbət addımdır və Elm və Təhsil Nazirliyinin idarəetmə keyfiyyətinin artdığını göstərir. Bununla yanaşı, məktəbdə baş verən belə hadisələrin kökü daha dərin sosial müstəvidə yatır".
Kamran Əsədov əlavə edib ki, uşaqların aqressiv davranış modelləri sosial şəbəkələrdə, xüsusən də “TikTok”, “Instagram” və “YouTube” kimi platformalarda normallaşdırılmış zorakı kontentlərdən qaynaqlanır. Bəzi hallarda uşaqlar bu videolardakı davaları, qarşıdurmaları təqlid edir, özlərini “mübariz”, “güclü” kimi göstərmək üçün fiziki zorakılığa əl atırlar. Təəssüf ki, sosial media platformaları üzərində yaş məhdudiyyətlərinə əməl olunmur, valideynlər övladlarının nə izlədiyini nəzarətsiz buraxırlar:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” Qanun da internet məzmununa nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur, lakin icra səviyyəsində bu nəzarət çox zəifdir. Dünya təcrübəsində bu kimi halların qarşısını almaq üçün sistemli, çoxsahəli yanaşma tətbiq olunur. Məsələn, Finlandiyada və Estoniyada hər məktəbdə “Təhlükəsizlik və risk idarəetmə qrupu” fəaliyyət göstərir. ABŞ-də “School Resource Officer” adlı xüsusi təlim keçmiş polis əməkdaşları məktəblərdə preventiv nəzarət həyata keçirir. Yaponiya məktəblərində isə hər dərs ilinin əvvəlində zorakılıqla mübarizə və davranış etikası üzrə “həyat dərsi” proqramı keçirilir. Azərbaycanda da oxşar model qurulmalıdır - məktəb psixoloqları real riskləri vaxtında müəyyən edə bilməli, sosial işçilər və yerli icra orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi artıq bu istiqamətdə beynəlxalq təcrübəni öyrənməyə başlayıb. “Məktəbdə təhlükəsiz mühit” və “Psixoloji xidmətin gücləndirilməsi” layihələri müasir yanaşmanın göstəricisidir. Nazirlik davranış qaydaları ilə məktəb, valideyn və şagird arasında məsuliyyət bölgüsünü qanuniləşdirərək sistemi idarəolunan mərhələyə gətirib".
O diqqətə çatdırıb ki, bu addım həm risklərin aşkarlanmasına, həm də təhsil müəssisələrində profilaktik işin səmərəliliyinə töhfə verir. Mənfi tərəfi isə ondan ibarətdir ki, valideyn nəzarəti, ailə dəyərləri və məktəblə ailə arasında əlaqə hələ də çox zəifdir:
"Uşaq günün 7-8 saatını məktəbdə, qalan vaxtını isə sosial şəbəkədə keçirir, ailə ilə ünsiyyət minimaldır. Uşaqda aqressiya, qısqanclıq və zorakılıq əlamətləri müşahidə olunsa da, valideynlər bunu “xasiyyət” kimi qəbul edir, psixoloqa müraciət etməyi “ayıb” sayırlar. Bu yanlış yanaşma uşağın davranış problemini böyüdür və nəticədə faciələrə gətirib çıxarır. Problemin həlli üçün valideyn məsuliyyəti qanunvericilikdə ayrıca qeyd olunmalıdır. “Valideyn məsuliyyəti haqqında” ayrıca normativ sənəd hazırlanmalı, övladının davranışına nəzarət etməyən, təhlükəli əşyanı evdən aparmasına şərait yaradan valideyn inzibati məsuliyyətə cəlb edilməlidir. Bu, yalnız cəza məqsədi daşımamalı, həm də maarifləndirici funksiyanı yerinə yetirməlidir".
Ekspert hesab edir ki, məktəblərdə bıçaqlanma hadisələrinin qarşısının alınması yalnız təhlükəsizlik yox, tərbiyə, ailə, media və idarəetmə məsələsidir:
"Elm və Təhsil Nazirliyi sistemli və strateji addımlar atır - normativ baza formalaşıb, davranış qaydaları təsdiqlənib, psixoloji xidmət genişləndirilir. Amma bu mexanizm təkbaşına yetərli deyil. Valideynlər məsuliyyəti dərk etməli, sosial şəbəkələrdə uşaqların davranışlarını izləməli, ailə-məktəb əlaqəsi bərpa olunmalıdır. Sosial şəbəkələrdə zorakılığı populyarlaşdıran kontentlərə qarşı dövlət və ictimai nəzarət güclənməli, məktəbdə tərbiyə fənləri yenilənməlidir. O zaman ölkədə “təfəkkürsüz zorakılıq” deyil, düşüncəli, mədəni və məsuliyyətli gənclik formalaşacaq. Elm və Təhsil Nazirliyinin indiki islahat xətti bu məqsədə doğru doğru istiqamətdə atılmış real və əsaslı addımdır".
Üzeyir Şəfiyev:Tədbirlər həm ailə, həm məktəb, həm də ictimai institutlar tərəfindən birgə həyata keçirilməlidir
Məsələnin sosial aspektini analiz edən sosioloq Üzeyir Şəfiyev də Bakıvaxtı.az-a danışıb. Mütəxəssis nəzərə çatdırıb ki, son dövrlərdə gənclər və yeniyetmələr arasında cinayət hadisələrinin artması müşahidə olunur. Bu tendensiya onların sosiallaşma institutlarının nə dərəcədə sağlam olduğu ilə bağlı ciddi suallar yaradır. Ənənəvi sosiallaşma institutları uşaqların formalaşmasında əsas rol oynasa da, müasir dövrdə bu rolu təkcə onlar daşımır. İnternet, sosial şəbəkələr və kütləvi informasiya vasitələri (KİV) də uşaqların sosial inkişafında mühüm təsir gücünə malikdir:
"Lakin bu təsir hər zaman müsbət olmur. Sosial şəbəkələrdə, videolarda və oyunlarda zorakılıq və aqressiya elementləri geniş yer tutur. Cizgi filmlərində belə bəzən şiddət səhnələri uşaqlarda aqressiv davranışları təbliğ edir. Sosial mediada və televiziya proqramlarında isə cinayət aləminin nümayəndələri tez-tez idealizə edilir. Bu, psixologiyası hələ tam formalaşmamış uşaqlar üçün yanlış nümunə yaradır. Onlar belə düşünə bilirlər ki, media tərəfindən tanıdılan bu insanlar “düzgün” həyat tərzi sürüblər. Məsələn, televiziyada “Qızılbarmaq Fatma və müasirləri” kimi verilişlərin yayımlanması, qəzetlərdə bu şəxslərin dəbdəbəli həyatı və şəxsi kadrlarının təqdim olunması gənclərin şüuruna mənfi təsir göstərir".
O əlavə edib ki, belə halların nəticəsində formalaşan davranış modelləri milli dəyərlərimizə və xalqımızın mənəvi koduna uyğun gəlmir. Xarici ölkələrdəki zorakılıq və “bullinq” mədəniyyətinin yayılması da bu mənfi təsirləri daha da dərinləşdirir:
"Uşaqların və yeniyetmələrin zərərli informasiyadan qorunması üçün artıq bir sıra qanunvericilik aktları qəbul edilib, Prezident tərəfindən müvafiq sənədlər imzalanıb. Lakin bəzi ölkələrdə olduğu kimi, sosial platformalarda filtr sistemlərinin tətbiqi vacibdir. “TikTok” və digər platformalara nəzarətin artırılması bu istiqamətdə mühüm addım ola bilər. “Telekommunikasiya haqqında” və əlaqəli digər qanunlarda uşaqların psixoloji təhlükəsizliyinə yönəlmiş dəyişikliklər edilməlidir. Valideyn nəzarəti və ailədaxili ünsiyyət bu məsələdə əsas amillərdəndir. Uşaqların internetdən istifadəsi və izlədikləri məzmun diqqətlə izlənməlidir. Bu tədbirlər təkcə dövlət səviyyəsində deyil, həm ailə, həm məktəb, həm də ictimai institutlar tərəfindən birgə həyata keçirilməlidir. Belə yanaşma uşaqların sağlam sosial və psixoloji inkişafını təmin etməyə imkan verəcək".
Əli Hüseynov