Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hücumları nəticəsində Ukraynada enerji infrastrukturunun zədələndiyini və tamamilə dağıldığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, ÜST bu vəziyyətin qarşıdan gələn qış aylarında Ukrayna xalqının həyatını təhlükə altına alacağı ilə bağlı xəbərdarlıq edib.
Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransında çıxış edən ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, bu qış Ukraynada milyonlarla insanın həyatı üçün təhlükə yaradacaq: "Ukraynanın səhiyyə sistemi ən qaranlıq günlərini yaşayır. Hücumlar səbəbindən yüzlərlə xəstəxana və səhiyyə müəssisəsi artıq tam fəaliyyət göstərmir. Obyektlərdə əsas ehtiyacları ödəmək üçün yanacaq, su və elektrik yoxdur. Bir sözlə, bu qış Ukrayna üçün həyatda qalmaq mübarizəsi olacaq”.
O bu böhranın qarşısını almaq üçün ən yaxşı həll yolunun münaqişəyə son qoymaq olduğunu bildirib.
Ukraynadakı doğum evlərinin inkubatorlara, qan banklarının soyuducuya, reanimasiya çarpayılarının isə respiratora ehtiyacı olduğunu qeyd edən Klugenin sözlərinə görə, onların hamısının elektrik enerjisinə ehtiyacı var.
Donetskdə 17 min HİV xəstəsinin sağ qalmasına kömək edən kritik antiretrovirus dərmanların tükənəcəyinə işarə edən ÜST rəsmisi burada Rusiyanın nəzarətində olan ərazilərdə təcili humanitar sağlamlıq dəhlizinin yaradılmasını təklif edib.
Ukraynada 3 milyona qədər insanın istilik və təhlükəsizlik axtarışına çıxaraq evlərini tərk edə biləcəyini deyən Kluge bunun COVID-19 da daxil olmaqla xəstəliklərə yol açacağı ilə bağlı xəbərdarlıq edib: "Biz 2-3 milyondan çox insanın istilik və təhlükəsizlik axtarışına çıxaraq evlərini tərk edəcəyini gözləyirik. Ukraynalılar sağlamlıq problemləri, o cümlədən COVID-19, pnevmoniya, qrip kimi tənəffüs yoluxucu infeksiyalar, difteriya və qızılca kimi ciddi risklərlə üzləşəcəklər. Xüsusən də, peyvənd olunmamış şəxsləri ciddi təhlükələr gözləyir”.
Aytac Aslan















