"ABŞ prezidenti Donald Trampın Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan haqqında müsbət ifadələri göstərir ki, Ağ Ev başçısı Yaxın Şərqdəki proseslərin Türkiyənin partnyorluğu olmadan həyata keçirilməsinin qeyri-mümkün olduğunu anlayır".
Bu sözləri politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Türkiyə ABŞ-nin həm NATO üzrə tərəfdaşıdır, həm də bu ölkələr arasında ikitərəfli əməkdaşlıq güclənməkdədir:
"Türkiyə ABŞ üçün kifayət qədər önəmli və təsir imkanları güclü bir tərəfdaşdır. Belə demək mümkündürsə, ABŞ Türkiyə üzərindəki təsirini azaltmaq, ikitərəfli münasibətləri korlamaq istəmir. Ona görə də Tramp Ərdoğan lehinə bəyanatlar səsləndirir”.
Digər tərəfdən, müsahibimiz qeyd edib ki, ABŞ regionda etibarlı tərəfdaşlara bel bağlayaraq öz siyasətini həyata keçirməyi daha məqbul sayır. Belə halda Türkiyə-ABŞ münasibətləri eyni zamanda ABŞ-İsrail, ABŞ-İran və ümumiyyətlə Yaxın Şərq siyasətinə təsirini göstərə bilər. İ.Vəlizadə hesab edir ki, ancaq bu, yalnız o halda baş verə bilər ki, Türkiyə ABŞ üçün danışıqlar tərəfdaşı olsun:
“Əgər Vaşinqton Ankaraya qarşı sərt siyasət həyata keçirərsə, Türkiyəni itirə bilər. Türkiyə ABŞ-nin qarşısında olan güclərlə əməkdaşlığı inkişaf etdirər. Bu da Tramp üçün arzuolunmazdır. O baxımdan ABŞ rəhbərliyi Türkiyə ilə bağlı məsələdə kifayət qədər ehtiyatlı davranmağa çalışır”.
İlqar Vəlizadə: Türkiyə ABŞ üçün önəmli və təsir imkanları güclü bir tərəfdaşdır
Politoloq qeyd edib ki, ABŞ-nin regionda ən yaxın müttəfiqlərindən biri də Səudiyyə Ərəbistanıdır. Ancaq Səudiyyə Ərəbistanı İsraillə normal münasibətlərdə deyil:
“Buna rəğmən, ABŞ öz tərəfdaşlarını itirməmək üçün onlarla yaxın əməkdaşlıq edir. Yəni hər şey İsrail baş naziri Benyamin Netanyahunun istəyindən asılı deyil".
Aydın Baxış