Bu gün Ədalət Partiyasının IX qurultayı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Mütəllim Rəhimli Ədalət Partiyasının yeni sədri seçilib.
Yeni sədrin dosyesini təqdim edirik
Mütəllim Rəhimli 1973-cü ildə Tovuz rayonunda anadan olub. Gədəbəy rayonu, Düzrəsullu kənd orta məktəbini bitirib.
M.Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub.
2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun seçki qərargahının sədri olub.
2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və seçki qərargahının rəhbəri olub.
2015, 2019 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.
Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı keçirib. İ.İsmayılov sədr seçilib.
İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.