• Bakı 22° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Vəcihə Səmədovanın əsərinə verilən Uyğunluq Sertifakatı saxtadır?

MƏDƏNİYYƏT

06 Iyun 2025 | 11:41

Vəcihə Səmədovanın əsərinə verilən Uyğunluq Sertifakatı saxtadır?

Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın yeni üzə çıxan əsəri üçün verilmiş Uyğunluq Sertifikatının saxta olması iddiası ilə bağlı Milli İncəsənət Muzeyinin tabeliyində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasında xüsusi geniş tərkibli iclas keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, komissiyanın iclasında xalq rəssamları, professor və sənətşünaslıq üzrə fəlsəfə doktorları, eləcə də Vəcihə Səmədovanın ailə üzvləri iştirak ediblər.

Vəcihə Səmədovanın qızı Fatimə Səmədova əsərin başqa bir müəllifə məxsus olduğu fikrini müdafiə edib.

O bundan öncə qardaşı oğlu Aqşin Mirfeyzullayevin də bu əsərin başqa bir müəllifə məxsusluğu ilə bağlı fikirlərinin dəyişmədiyini bildirib.

“Mən onun qızı kimi yox, bir rəssam kimi bildirirəm ki, Vəcihə Səmədovanın çəkdiyi digər portretlərlə bu portret arasında heç bir uyğunluq yoxdur. Vəcihə Səmədovanın üslubu, özünəməxsus texnikası, rəsmlərdəki emosianallığı bu əsərdə hiss olunmur. Ona görə də əsərin ona məxsus olduğunu qəbul edə bilmirik”.

Muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov və Elmi-bərpa şöbəsinin müdiri Natiq Səfərov, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimova isə geniş mühazirə ilə çıxış edərək əsərin Vəcihə Səmədovaya məxsusluğunu müdafiə ediblər.

Sənətşünas alim Sevil Kərimova hər bir rəssamın portretə yanaşmasının fərqli olduğunu, eskpert komissiyasında təmsil olunan rəssamların, sənətşünasların bu mülahizədən yola çıxaraq əsərləri müqayisə etdiyini diqqətə çatdırıb.

“Təqdim olunan əsər üçün ekspert rəyi tamamilə doğrudur. Əsər Vəcihə xanımın erkən dövrdə, təqribən, 1945-50-ci illərdə çəkdiyi əsərdir. Ailə bunun əksini iddia edə bilər, amma onlar sənətşünas deyil və müəllifin bütün yaradıcılığını izləyə bilməzlər”.

Bərpaçı-rəssam Natiq Səfərov isə media və sosial şəbəkədə muzeyin ekspert komissiyası barədə əsassız fikirlərin yayıldığını, bu kimi halların yolverilməz olduğunu diqqətə çatdırıb.

“Dövlət Ekspert Komissiyasının əsərə verdiyi uyğunluq sertifikatını saxta adlandırmaq, ən azından, bizə və bizim işimizə hötmətsizlikdir”.

Müzakirələrin yekununda Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova əsərin Vəcihə Səmədovaya məxsus olub-olmaması ilə bağlı üzvlər arasında açıq səsvermə keçirib.

Səsvermə nəticəsində komissiya əsərin Vəcihə Səmədovaya məxsusluğunu növbəti dəfə təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Vəcihə Səmədovanın nəvəsi rəssam Aqşin Mirfeyzullayev Milli İncəsənət Muzeyinin ekspert komissiyasının rəsm əsərini araşdırmadan ona uyğunluq sertifikat verməsi barədə iddia irəli sürüb.

Milli İncəsənət Muzeyi isə iddia əsasında komissiyanın növbəti iclasının çağrılacağını və ekspertlər tərəfindən yenidən nəzərdən keçiriləcəyini elan etmişdi.

Onu da qeyd edək ki, Vəcihə Səmədova Azərbaycanın ilk peşəkar qadın rəssamıdır.


SON XƏBƏRLƏR

06 Iyun 2025