Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və xalqımızın sarsılmaz iradəsinə qarşı yönəlmiş hər hansı bir təhdid, daxili və ya xarici qüvvələrdən gəlməsindən asılı olmayaraq, qətiyyətlə cavablandırılacaq.
Qanuni hakimiyyətimizi zorla ələ keçirməyi planlayan, bu istiqamətdə xarici xüsusi xidmət orqanlarından dəstək almağa çalışan, vətənimizə, xalqımıza və dövlətimizə xəyanət edən hər kəs - kimliyindən, mövqeyindən və nüfuzundan asılı olmayaraq ən ağır şəkildə cəzalandırılacaq və xalqın gözü qarşısında ifşa ediləcək.
Bu, sadəcə bir xəbərdarlıq deyil, Azərbaycan dövlətinin və xalqının sarsılmaz iradəsinin bəyanatıdır. Bu müqəddəs yolda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyəti və gördüyü işlər təqdirəlayiq və əvəzolunmazdır. DTX-nin hər bir əməkdaşı, vətənə sədaqət andına sadiq qalaraq, dövlətçiliyimizin keşiyində durur, xalqımızın təhlükəsizliyini təmin edir. Məhz onların gərgin əməyi, peşəkarlığı və fədakarlığı sayəsində bu qəbildən olan xainlər, xəyanətkar niyyətlər daşıyan şəxslər ortaya çıxarılır və ədalət məhkəməsi qarşısında cavab verirlər.
Xalqımızın iradəsinə arxalanan DTX, bu istiqamətdə yüksək səviyyədə işlər görür və gələcəkdə də bu fəaliyyətini qətiyyətlə davam etdirəcək. Azərbaycan xalqı öz dövlətinin və müstəqilliyinin qorunmasında hər zaman bir yumruq kimi birləşib. Tariximiz sübut edir ki, heç bir xarici təzyiq, heç bir daxili xəyanət cəhdi xalqımızın azadlıq və müstəqillik eşqini söndürə bilməyib.
Bundan sonra da heç bir şəxs, şəxslər, yaxud da qüvvələr Azərbaycanın qanuni hakimiyyətinə, xalqımızın iradəsinə heç bir halda və şəraitdə mənfi təsir göstərə bilməyəcək.
Dövlətimizin qüdrəti, xalqımızın birliyi sayəsində Azərbaycanın gələcəyi etibarlı əllərdədir.
Anar Salehoğlu,
İctimai-siyasi fəal
Bakıvaxtı.az
Bakı 




